×
A
A
A
Sazlamalar

Azərbaycanlı alim ABŞ-da nəşr edilən beynəlxalq indeksli jurnalın redaksiya heyətinə üzv seçilib

Naxçıvan, 21 fevral, AZƏRTAC
AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Meyvə, tərəvəz və üzümçülük laboratoriyasının rəhbəri, aqrar elmləri doktoru, dosent Varis Quliyev ABŞ-da nəşr olunan beynəlxalq indeksli “Cytology və Histology” (“Sitogenetika və Histologiya”) jurnalının redaksiya heyətinə üzv seçilib.
Akademiyanın Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ötən il alimin üzüm bitkisi ilə bağlı elmi əsəri sözügedən jurnalda işıq üzü görüb və tədqiqat işinin nəticələri yüksək qiymətləndirilib.
Qeyd edək ki, Varis Quliyev 30 ildən artıqdır Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında üzüm genofondunu kompleks şəkildə tədqiq edir. Sort müxtəlifliyinin artırılması, genofondun tədqiqi, yeni sortların yaradılması, becərilən sortların qiymətləndirilməsi, iqtisadi əhəmiyyət kəsb edən sortların müəyyənləşdirilməsi, məhv olmaq təhlükəsində olan nadir sortların biomorfoloji xüsusiyyətlərinin öyrənilməsi alimin elmi-tədqiqat işlərinin əsas məqsədini təşkil edir. Varis Quliyev sortların genetik xüsusiyyətlərinin, xəstəliklərə davamlılığının müəyyənləşdirilməsi və bu istiqamətdə müxtəlif genetik üsullar əsasında məqsədyönlü seleksiya işlərinin aparılmasını da dərindən tədqiq edir. O, “Azərbaycan ampeloqrafiyası” (II cild), “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası” adlı fundamental monoqrafiyaların və digər kitabların müəllifidir.

Regionlar 2020-02-21 19:24:00