×
A
A
A
Sazlamalar

® “Azercell” transformasiya ilinin nəticələrini açıqlayıb

2019-cu ilin hesabat konfransında lider mobil operator texnoloji uğurları və gələcək perspektivləri bölüşüb. 

Ötən il Azərbaycanı yeni bağlantı erasına hazırlamağı vəd edən “Azercell Telekom” 2019-cu ildə ən son texnoloji yenilikləri ölkəyə gətirməklə yanaşı, 4,5 milyondan çox abunəçinin seçimi və 49 faiz bazar payının sahibi kimi mobil kommunikasiya bazarında birinciliyini qorumuş oldu.
Artıq uzun illərdir ki, ölkəmizdə qeyri-neft sektorunun ən iri vergiödəyicisi olan “Azercell” 2019-cu ildə dövlət büdcəsinə 112 milyon manat, 23 il ərzində isə 1 milyard 845 milyon manat vergilər də daxil olmaqla, dövlət büdcəsinə ödənişlər edib. Şirkət tərəfindən Azərbaycanda telekommunikasiyanın inkişafına ötən il 94,5 milyon ABŞ dollarından çox, ümumilikdə isə 1 milyard 621 milyon dollardan çox sərmayə yatırılıb.
2019-cu ildə sosial layihələrə ümumilikdə 253 min dollardan çox vəsait sərf edilib ki, bu göstərici 23 il ərzində 19 milyon dolları keçib.
Ötən il yenilənmiş brend kimliyi ilə abunəçiləri üçün rəqəmsal dünyanın sonsuz imkamlarını açan “Azercell” müasir texnologiyaların tətbiqi ilə onların həyatlarını əsaslı şəkildə dəyişəcəyini bəyan edib. “Azercell”in çevikliyi və yenilikçi ruhunun rəmzi olacaq, keçmişlə gələcək arasında bir bağ yaratmaqla hərəkət və inkişafı təcəssüm etdirəcək yeni nişan, şirkət tarixində yeni eranın başladığının əksidir.
İyunun 21-də Heydər Əliyev Mərkəzində dövlət və biznes strukturları, ictimai xadimlər və media nümayəndələrinin iştirakı ilə keçirilən möhtəşəm tədbirdə ilk dəfə olaraq 360 dərəcəlik 3D proyeksiyası nümayiş etdirilib. Belə ki, 300-dək dron səmada Azərbaycan bayrağı və xəritəsinin, “Azercell”in əvvəlki və yeni loqolarının təsvirini yaradaraq izləyicilərə möhtəşəm şou sərgiləyib.
Yeni texnoloji imkanları və rəqəmsal xidmətləri vətəndaşlara daha yaxşı tanıtmaq üçün “Azercell Telekom” “Rəqəmsal Dünya Bölgələrdə” layihəsi ilə ölkənin 26 müxtəlif şəhər və bölgəsinə səfər edərək əhali üçün maarifləndirici və əyləncəli rəqəmsal proqramlar təşkil edib.
Rəqəmsal bağlantı erasına hazırlıq ərəfəsində “Azercell” yüksəkkeyfiyyətli 4G texnologiyasının ölkə regionları boyu yayılmasına daha güclü təkan verərək 2018-ci ilin sonlarından 2019-cu ilin sonuna qədər şəbəkənin respublika üzrə coğrafi əhatəsini 366 faiz, əhali əhatəsini isə 120 faiz artırıb. Bütün ölkə üzrə toplam 1617 yeni radiobaza stansiyası quraşdırılıb ki, onların da 1217-sini 4G şəbəkəsi üzərindən çalışan saytlar təşkil edir.
Şəbəkə keyfiyyətinin yüksəldilməsi, həmçinin istifadə həcminin də artmasına şərait yaradıb: “Azercell” şəbəkələri vasitəsilə ötürülən internet trafikinin həcmi 304 faiz artıb.
“Systemics” Avropa şirkəti Azərbaycanda keçirdiyi müstəqil bençmarkinq testi nəticəsində “Azercell”in bölgələrdə 4G texnologiyası üzrə datanın ötürülmə sürətinə, informasiyanı yükləmə müddətinə və video materialların daha yüksək keyfiyyətlə yüklənməsi parametrlərinə görə ölkənin mobil operatorları arasında daha üstün olduğunu təsdiqləyib.
Cəmiyyətin rəqəmsallaşmasına doğru ən əhəmiyyətli addımlarından biri kimi bir neçə ay öncə “Azercell”in ölkədə və Cənubi Qafqazda ilk 5G pilot şəbəkəsini istifadəyə verməsi olub. 5G şəbəkəsinin operator tərəfindən ən birinci və ən tez sınaqdan keçirilməsi, eləcə də texniki yenilənməsi “Azercell”i dünyanın qabaqcıl mobil rabitə təminatçıları ilə bir sırada qərarlaşdırır.
Saniyədə 1,1 Gbit-ə qədər ötürmə və yükləmə sürətini mümkün edən pilot 5G şəbəkəsi artıq Fəvvarələr Meydanı və Nizami küçəsinin bir hissəsində təqdim edilib. 5G-nin inkişafını sürətləndirmək məqsədilə “Azercell” ötənilki “Bakutel” sərgisi çərçivəsində “Ericsson” şirkəti ilə Azərbaycanda strateji tərəfdaşlığa başlanılması ilə bağlı anlaşma memorandumu imzalayıb.
Abunəçilərə qüsursuz xidmət göstərilməsini hədəfləyən şirkət 2019-cu ildə ümumilikdə 6 milyonadək abunəçiyə xidmət göstərib. Bakı və Gəncə telefon mərkəzləri tərəfindən 4 milyon 558 mindən çox, ön masa ofislərində 1 milyon 48 mindən artıq, “Azercell”in rəsmi internet səhifəsi üzərindən onlayn çat vasitəsilə 106 mindən çox, sosial media vasitəsilə 58 mindən artıq abunəçiyə xidmət göstərilib.
Ötən il “Azercell” xaricə səyahət edən abunəçiləri üçün sərfəli internet xidmətini təklif edib. Aylıq və günlük rominq internet paketləri ölkə hüdudlarından kənarda olan hər bir “Azercell” abunəçisi üçün mobil interneti daha əlçatan və rahat edib.
Müştərilərin rahat şəkildə yaxınları ilə ünsiyyət saxlamaları üçün “Azercell” aylıq internet paketlərində “Whatsapp” əlavəsində pulsuz yazışma imkanı yaradıb.
2019-cu ildə təqdim olunmuş müxtəlifhəcmli yeni “Sərbəst” tarifi isə özündə həm danışıq, həm internet paketi, həm də limitsiz yazışma imkanlarını birləşdirərək abunəçilər arasında böyük populyarlıq qazanıb.
“Azercell” şirkəti abunəçilərinin istifadəsinə daha müasir dizayna malik olan “Kabinetim” şəxsi kabinet xidmətini təqdim edib. Bundan əlavə, nömrələrin sadə fiziki sim-paketlərə bağlılığı da tamamilə aradan qaldırılıb və nömrələrin satışı mərkəzləşdirilmiş “www.azercellim.com” onlayn bazasının köməyilə həyata keçirilib.
Smartfonlar vasitəsilə rəqəmsal xidmətlərə tələbatdan irəli gələrək “Azercell” ötən ildə əyləncə və səmərəli istifadə üçün “ivi”, “Zvuk”, “Azercell Kids” və “Bookmate” mobil tətbiqlərini “Azercell+” xidmətləri çətirinin altında birləşdirib.
Eyni zamanda, korporativ abunəçilərin istifadəsinə daimi ünsiyyət üçün olduqca rahat “Biznesim Sosial Şəbəkələr” internet paketlərini verməklə “Azercell” ölkəmizdə iri, orta və kiçik sahibkarlığın inkişafına öz töhfəsini verib.
“Azercell”in təqdim etdiyi müxtəlif yeniliklər və sərfəli tariflər nəticəsində, hazırda “Azercell” abunəçilərinin 58,6 faizi smartfon istifadəçiləridir.
Rəqəmsallığı, eyni zamanda, korporativ sosial məsuliyyət (KSM) strategiyasında əks etdirən “Azercell” təhsilin və gənclərin inkişafı, uşaq hüquqlarının qorunması, sağlamlığın müdafiəsi, rəqəmsal savadlılığın artırılması, mədəni irsin qorunmasına töhfə verən təşəbbüslərini davam etdirib.
Yay aylarını əhatə edən “Rəqəmsal dünya bölgələrdə” layihəsi çərçivəsində şirkət nümayəndələri düşmənlə təmas xəttində yerləşən Cocuq Mərcanlı qəsəbəsi də daxil olmaqla, uşaq evləri, internat məktəbləri, məcburi köçkün düşərgələrinin sakinləri və aztəminatlı ailələrə hədiyyələr paylayaraq, onlar üçün “Azercell” Mobil Diş və Mobil Göz klinikalarında pulsuz müayinələr təşkil ediblər.
Qeyd edək ki, 2011-ci ildən fəaliyyət göstərən “Azercell”in Mobil Göz Klinikasında da ötən il ərzində Bakı və bölgələrdən 901 nəfər pulsuz göz müayinəsindən keçib. On il ərzində kimsəsiz uşaqlara, sosial qayğıya ehtiyacı olan vətəndaşlara xidmət edən mobil diş klinikasında isə son il ərzində 547 nəfər üçün pulsuz diş müayinəsi və müalicəsi olub.
Uşaqların və uşaq hüquqlarının müdafiəsi istiqamətində fəallığı ilə seçilən “Azercell” onların rəqəmsal mühitdə qorunmasına xüsusi diqqət yetirir. Ötən il ərzində şirkət “Rəqəmsal vətəndaşlıq və internet təhlükəsizliyi” mövzusunda ölkənin müxtəlif bölgələrində uşaqlar, valideynlər və müəllimlər üçün xüsusi təlimlər təşkil edib.
“Azercell” Azərbaycanda ilk dəfə olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkil etdiyi “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində kibertəhlükəsizlik sahəsində maarifləndirmə və informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, informasiya proseslərinin mühafizəsi, internetdən təhlükəsiz istifadə mövzuları ətrafında təşkil olunan layihələrdə fəal iştirak edib.
2019-cu il ərzində 588 şagird, 76 valideyn, 78 müəllim kibertəhlükəsizlik təlimlərindən yararlanıblar. Layihə başlandığı zamandan indiyə qədər isə ümumilikdə 1250 şagird, 219 valideyn, 178 müəllim təlimlərdə iştirak edib. “Azercell”in himayəsi ilə 2010-cu ildən etibarən fəaliyyət göstərən “Uşaq Qaynar Xətt Xidməti”nə ötən il 3424, 10 il ərzində isə 33 minədək müraciət daxil olub. “Azercell”in dəstəyilə keçirilən 5-ci Uşaq Paralimpiya İdman Oyunlarında 8 regiondan sağlamlıq imkanları məhdud olan 111 uşaq 7 idman növündə 19 medal uğrunda mübarizə aparıb.
“Azercell”in “Bookmate” proqramına 650 illiyi qeyd olunan şair-mütəfəkkir İmadəddin Nəsiminin qəzəllərinin 3 dildə yerləşdirilməsi isə şirkətin Azərbaycan mədəniyyətinin təbliği və “2019 Nəsimi ili”nə böyük töhfəsi olub. Layihədə ölkənin mədəniyyət xadimləri ilə yanaşı, respublikada fəaliyyət göstərən diplomatik korpusların rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak edərək “Azercell”in video çarxında Nəsiminin qəzəllərini müxtəlif dillərdə səsləndiriblər.
Ölkədə informasiya texnologiyalarına olan marağı yüksəltmək məqsədilə 2019-cu ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Təhsil Nazirliyinin həyata keçirdiyi 31-ci Beynəlxalq İnformatika Olimpiadasında “Azercell” İstedadların Rəqəmsal Sponsoru qismində çıxış edib. Güclü və işinə həvəsli insan kapitalına xüsusi önəm verən “Azercell Telekom” 2019-cu il ərzində əməkdaşlarının inkişafına 973 min dollardan çox vəsait xərcləyib. Bundan əlavə, 2019-cu ildə ölkənin müxtəlif ali təhsil müəssisələrində oxuyan 67 gənc şirkətin tələbə proqramlarından yararlanıb, “Azercell” akademiyası tərəfindən şirkətdaxili və müxtəlif təşkilat və qurumlara 161 tədris sessiyası keçirilib.
Təbii haldır ki, şirkətin fərqli istiqamətlərdə innovativ fəaliyyəti həm yerli, həm də beynəlxalq qurumların diqqətinə səbəb olaraq 2019-cu ildə də “Azercell”ə nüfuzlu mükafatlar qazandırıb. ABŞ-ın prestijli biznes mükafatı olan “Stevie” mobil operatoru “İlin Telekommunikasiya şirkəti” adına layiq görüb.
“Azercell”in yeni brend kimliyinin təqdim edilməsi isə ilin İnnovasiya tədbiri seçilib və “Azercell” Azərbaycan İnnovasiya Mükafatına layiq görülüb. “Day.az” media portalının “İnsanların Seçimi” mükafatının “İlin ən yaxşı mobil operatoru” nominasiyasının qalibi də “Azercell Telekom” seçilib. Rəqəmsal dünyanı müştəriləri üçün daha əlçatan etməyi hədəfləyən “Azercell” ən son texnoloji yeniliklərin və innovativ həllərin ölkədə tətbiqinə davam edəcək.
Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergiödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 4,5 milyondan çox abunəçi “Azercell”i seçir. Bazar payı 49 faiz, ölkə ərazisi üzrə əhatə dairəsi 99,2 faiz (işğal altında olan ərazilər istisna olmaqla), ölkə əhalisi üzrə əhatə dairəsi 99,8 faiz təşkil edir.
Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, “Azercell Ekspress” ofisləri, M2M, 4G və test rejimində 5G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “ASAN İmza” və sair.
“Azercell”in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla ölkənin 60-dək bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell”in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.
“Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

İKT 2020-02-21 19:16:00