×
A
A
A
Sazlamalar

Bakıda təşkil olunan "Yeni media jurnalistikası" təlimi başa çatıb VİDEO

Bakı, 21 fevral, Xanım Nağıyeva, AZƏRTAC
Fevralın 21-də Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi – TİKA və Türkiyə Radio və Televiziya Qurumunun (TRT) əməkdaşlığı ilə Bakıda təşkil olunan "Yeni Media Jurnalistikası" təliminin bağlanış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bu gün dünyada rəqəmsal medianın xüsusi yer tutduğunu bildirib.
Günün tələblərinə uyğun jurnalistlərin yetişdirilməsinin önəmindən danışan türkiyəli səfir, təlimə qatılan media nümayəndələrinin bu kurslardan yetəri qədər faydalana bildiklərinə ümidvar olduğunu bildirib.
TİKA-nın Bakı Koordinatoru Teoman Tiryaki, TRT-nin Bakı təmsilçisi Murat Akkoç təlimin vacib məqamlarından danışıblar.
Bildirilib ki, layihə çərçivəsində ilk mərhələnin seçimləri Azərbaycanla yanaşı Qazaxıstan, Özbəkistan və Qırğızıstanda da keçiriləcək. Birinci mərhələdə müvəffəqiyyət qazanan kurs iştirakçıları İstanbul və Ankarada üst səviyyədə təlim alacaqlar.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub. Sertifikat alanlar arasında AZƏRTAC-ın əməkdaşı da var.
Qeyd edək ki, təlimlər TRT-nin Yeni Media Kanal Koordinasiyasının əməkdaşı Ömər Darbaz tərəfindən həyata keçirilib və 5 gün ərzində həyata keçirilən jurnalist kursunda Azərbaycanda fəaliyyət göstərən media qurumlarından 30 nümayəndə iştirak edib.

Cəmiyyət 2020-02-21 19:06:00

Video