×
A
A
A
Sazlamalar

İndoneziyanın Cokyakarta əyalətində qəfil daşqın nəticəsində altı məktəbli həlak olub

Tokio, 21 fevral, AZƏRTAC

İndoneziyanın Cokyakarta əyalətində qəfil daşqın nəticəsində 16 məktəbli itkin düşüb, onlardan altısının həlak olduğu bildirilir.
AZƏRTAC “The Jakarta Post” qəzetinə istinadla xəbər verir ki, hadisə fevralın 21-də, 250-dən çox şagirdin Sembor çayı boyunca ekskursiyaya çıxdığı vaxt baş verib.
İndoneziya Təbii Fəlakətlərin Qarşısının Alınması Agentliyini (BNPB) yaydığı məlumata görə, Sembor çayı boyunca piyada səyahət edən məktəblilər Donokerto kəndi yaxınlığında olarkən gələn daşqın onlarla şagirdi aparıb.
BNPB-nin rəsmi nümayəndəsi Aqus Vibovo bildirib ki, həlak olanlar Turi şəhərinin 1 nömrəli məktəbinin yeddinci və səkkizinci sinif şagirdləridir. Hazırda axtarış-xilasetmə qrupları və polisin nümayəndələri itkin düşənlərin axtarışını davam etdirirlər.
Agentliyin yerli bölməsinin əməkdaşları və hərbiçilər də axtarış-xilasetmə işlərinə cəlb olunublar.
A.Vibovonun sözlərinə görə, hadisə nəticəsində həlak olanların tam sayı hələlik məlum deyil.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2020-02-21 18:38:00