×
A
A
A
Sazlamalar

“Reproduktiv sağlamlıq və ailə planlaşdırılması: mövcud problemlər və onların həlli” adlı tədbir keçirilib

Bakı, 21 fevral, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq, respublikamızın şəhər və rayonlarında reproduktiv sağlamlıq və sağlam həyat tərzinin təbliği, gənclərin ailə həyatına hazırlığı və digər mövzular ətrafında müxtəlif layihələr həyata keçirilir.
Komitədən AZƏRTAC-a bildiriblər ki, bu istiqamətdə keçirilən tədbirlərin davamı olaraq Səhiyyə Nazirliyi ilə birgə və Təhsil Nazirliyinin dəstəyi ilə orta ixtisas təhsili müəssisələrində gənc və yeniyetmələrin erkən nikahın fəsadları, reproduktiv sağlamlıq və ailə planlaşdırması sahəsində maarifləndirilməsi məqsədilə fevralın 21-də Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbələri üçün “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması: mövcud problemlər və onların həlli” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Kollecin Tərbiyə işləri üzrə direktor müavini Pərvanə İsmayılova tədbirin təşkilinə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Səhiyyə Nazirliyinə öz minnətdarlığını bildirib və tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Komitənin Ailə Problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova həyata keçirilən dövlət ailə siyasəti barədə məlumat verib, cəmiyyətimizi narahat edən aktual problemlərdən danışıb. O, məişət zorakılığı, erkən nikah halları, insan alveri və digər problemlərin yaratdığı fəsadlardan və bu fəsadların aradan qaldırılması istiqamətində Komitə tərəfindən görülən işlərdən bəhs edib.
Sonra Komitənin hazırladığı maarifləndirmə materialları tədbir iştirakçılarına təqdim olunub, həmçinin “Azərbaycan Ailəsi Film Festivalına” təqdim olunan “Ailə bir ağacdır” və “To be or not to be” adlı filmlər nümayiş etdirilib.
Səhiyyə Nazirliyinin İctimai-Siyasi İslahatlar Mərkəzinin həkim-metodisti Ülkər Cəfərova “Reproduktiv sağlamlıq və ailə planlaşdırması” adlı təqdimatla çıxış edib, tədbir iştirakçılarına erkən nikahların qızların reproduktiv sağlamlığına göstərdiyi mənfi təsirdən bəhs edib və ailə planlaşdırılması üsulları barədə ətraflı danışıb.
Daha sonra mövzu ətrafında müzakirələr aparılıb və Kollec tələbələrini maraqlandıran suallar cavablandırılıb.
Tədbirinin sonunda ailə dəyərləri, ailənin idarə olunması, ailədaxili münasibətlərin tənzimlənməsinin araşdırılması məqsədi ilə 70 tələbə arasında sorğu aparılıb.

Sosial 2020-02-21 18:23:00