×
A
A
A
Sazlamalar

“Modern İnkişaf və Ailə” İctimai Birliyi Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı tədbir keçirib

Bakı, 21 fevral, AZƏRTAC
Fevralın 21-də “Modern İnkişaf və Ailə” İctimai Birliyi Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı tədbir keçirib. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının, həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən İctimai Birliyin sədri Zərifə Quliyeva Xocalı soyqırımının Azərbaycan xalqına qarşı törədilmiş böyük cinayət olduğunu bildirib. “Ermənistan tərəfindən Azərbaycana qarşı başlanan müharibənin səbəbləri və nəticələrinin ümumi qiymətləndirilməsi və Xocalıdakı faciəvi hadisələrin bütün mövcud faktları qəti şəkildə sübut edir ki, Azərbaycanın bu şəhərində törədilmiş cinayətlər sıradan və təsadüfi hərəkət deyil, Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsidir. Xocalıdakı mülki insanların məqsədyönlü qırğını, sadəcə, azərbaycanlı olduqları üçün onların kütləvi məhvinə yönəlmişdi”,- deyə İctimai Birliyin sədri vurğulayıb.
Zərifə Quliyeva qeyd edib ki, mənfur erməni qəsbkarları tərəfindən törədilən və bəşər tarixinin ən dəhşətli qırğınlarından sayılan Xocalı soyqırımı Azərbaycan xalqına qarşı törədilmiş məkrli siyasətin bir hissəsidir. Xocalı faciəsi tarixin yaddaşından heç vaxt silinməyən, dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda, Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır. 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusuna məxsus 366-cı motoatıcı alayının köməyi ilə Xocalı əhalisini vəhşicəsinə qətlə yetirib, soyqırımının ən iyrənc mərhələsi olan izi itirmək kimi mənfur hərəkətlərə də əl atıb, Azərbaycan xalqı, eləcə də bəşəriyyət üçün nadir abidələr nümunəsi olan Xocalı abidələrini də dağıdıblar. Xocalı soyqırımına ilk dəfə siyasi-hüquqi qiymət məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib.
Z.Quliyeva bildirib ki, XX əsr dünya tarixinin ən qəddar soyqırımı aktı olan Xocalı faciəsi haqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində bünövrəsini ümummilli lider Heydər Əliyevin qoyduğu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.“Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası da bu siyasi kursun həyata keçirilməsində, xüsusilə Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında uzaqgörənliklə düşünülmüş uğurlu bir strategiyadır “Xocalıya ədalət!” çağırışı beynəlxalq terrora qarşı mübarizədə humanizm dəyərləri üzərində köklənmiş güclü və yeni strateji modeldir.
Bildirilib ki, “Xocalıya ədalət!” beynəlxalq məlumat kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də - Şuşanın işğalı günü irəli sürülüb. Faciənin mənəvi və siyasi-hüquqi tanınmasına yönəlmiş bu kampaniya dünyanın bir çox ölkələrində uğurla həyata keçirilir. Bu kampaniyanın nəticəsi olaraq İslam Əməkdaşlıq Təşkilatı ermənilərin Xocalıda törətdiyi mənfur əməlləri “insanlığa qarşı kütləvi cinayət” kimi tanıyıb və üzv dövlətləri bu faciəyə lazımi siyasi-hüquqi qiymət verməyə çağırıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, bu gün “Xocalıya ədalət!” dünyanı gəzir, beynəlxalq kürsülərdən insanları haqsızlığa, zülmə və zülmkarlığa, terrorçuluğa qarşı mübarizəyə çağırır. Məqsəd Xocalı faciəsinin əsl mahiyyətini, cinayətkarları və onların havadarlarını dünyaya bəyan etmək, ikili standart mövqeyində dayanmış ayrı-ayrı dövlətləri, bəzi beynəlxalq təşkilatları haqqın səsinə səs verməyə çağırmaqdır. Həmçinin beynəlxalq qurumların bu faciə ilə əlaqədar və eləcə də insan hüquqları və azadlıqları haqqında qəbul edilmiş qərarlarına, müraciətlərinə hörmətlə yanaşmağa çağırmaq, həm beynəlxalq hüquq normaları çərçivəsində, həm də əxlaqlı, saf siyasi yanaşma yolu ilə Xocalı faciəsinə hüquqi və siyasi qiymət vermək istəyidir. O, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Xocalının, həmçinin işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminliyini ifadə edib.
Daha sonra AMEA-nın şöbə müdiri, professor Rəna Mirzəzadə və Xocalı şəhidi ailəsinin üzvü Məlahət Məmmədova Xocalıda ermənilərin törətdiyi vəhşiliklərdən danışıblar. Çıxışçılar dövlətimizin başçısının rəhbərliyi ilə Xocalının azad olunacağı günü səbirsizliklə gözlədiklərini və bu günün tezliklə gələcəyinə əmin olduqlarını bildiriblər.

Cəmiyyət 2020-02-21 17:41:00