×
A
A
A
Sazlamalar

Naxçıvan Bölməsində AMEA-nın 75 illik yubileyi qeyd olunacaq

Naxçıvan, 21 fevral, AZƏRTAC
AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Bölmənin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev ölkə Prezidenti İlham Əliyevin “Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında” 14 fevral 2020-ci il tarixli Sərəncamını xatırladıb, bununla əlaqədar Naxçıvan Bölməsinin qarşısında duran vəzifələrdən danışıb.
Akademik AMEA-nın 75 illik yubileyinin Bölmədə qeyd edilməsi ilə bağlı tədbirlər planının hazırlandığını diqqətə çatdırıb. Tədbirlər Planı Rəyasət Heyətinin qərarı ilə təsdiq edilib.
Daha sonra İsmayıl Hacıyev 70 illik yubileyləri münasibətilə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərliyə AMEA-nın, Bioresurslar İnstitutunun Torpaq ehtiyatları laboratoriyasının rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Sahib Hacıyevə isə Naxçıvan Bölməsinin Fəxri fərmanlarını təqdim edib.
İclasda Bölmənin Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilovun “Əlyazmalar Fondunda qədim əlyazma və çap kitablarının toplanılması və kataloqlaşdırılması işinin təşkili” mövzusunda məruzəsi dinlənilib.
Tədbirdə elmi təşkilatların bir sıra əməkdaşlarının 2020-ci il üçün tədqiqat planları təsdiq edilib, elmi-təşkilati və cari məsələlərə baxılıb.
Sonda Bölmənin Təbii Ehtiyatlar İnstitutunun elmi işçiləri Eltun İbrahimov iqtisadiyyat, Qiyas Qurbanov isə ictimai əsaslarla coğrafiya şöbələrinə müdir təyin olunub.

Regionlar 2020-02-21 17:33:00