×
A
A
A
Sazlamalar

Günahsız insanların qanı yerdə qalmayacaq

Kürdəmir, 21 fevral, AZƏRTAC

İyirmi səkkiz il əvvəl 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri mühasirəyə aldıqları Xocalı şəhərində 613 nəfəri, o cümlədən 106 qadını, 63 uşağı, 70 qocanı vəhşicəsinə qətlə yetirib, 487 dinc sakini ağır yaralayıb, 1275 nəfəri girov götürüblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan tarixinə qanla yazılan bu dəhşətli məlumatlar fevralın 21-də Kürdəmirdə mərkəzi rayon xəstəxanasının ailə-sağlamlıq mərkəzinin akt zalında səhiyyə işçilərinin Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan tədbirində səsləndirilib. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli, Ailə-Sağlamlıq Mərkəzinin müdiri Zahid Əhmədov və başqaları ötən iki əsrdə erməni millətçiləri tərəfindən xalqımızın dəfələrlə soyqırımına məruz qaldığını diqqətə çatdırıblar.
Çıxışlarda Xocalı soyqırımına ilk dəfə hüquqi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyi, 1994-cü il fevralın 24-də Ulu Öndərin imzaladığı Fərmanla həmin günün xalqımıza qarşı törədilmiş soyqırımı aktı kimi qeyd edilməyə başlandığı bildirilib. Vurğulanıb ki, hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatlar qəbul etdiyi sənədlərdə Ermənistanı işğalçı dövlət kimi göstərib. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılır. Fevralın 15-də Münxen təhlükəsizlik konfransındakı panel müzakirələrdə Prezident İlham Əliyev tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bütün aspektləri, yəni tarixi, siyasi, hüquqi və münaqişənin həlli prosesi prinsipial, qəti, əzmli və əsaslandırılmış bir formada beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb. Bu, Azərbaycan həqiqətlərinin erməni yalanları üzərində qələbəsi idi.
Çıxış edənlər günahsız insanların qanının yerdə qalmayacağına, erməni quldurları tərəfindən işğal olunan torpaqlarımızın tezliklə geri qaytarılacağına əminliklərini bildiriblər.

Regionlar 2020-02-21 17:25:00