×
A
A
A
Sazlamalar

Sağlam ailə - sağlam cəmiyyət deməkdir

Lənkəran, 21 fevral, Bağır Əliyev, AZƏRTAC

Azərbaycanda ailə hər zaman müqəddəs sayılıb. Ölkəmizdə ailə cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Sağlam ailə-sağlam cəmiyyət” layihəsi çərçivəsində Lənkəran rayonunun Liman şəhərində keçirilən maarifləndirmə tədbirində səsləndirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Dövlət Komitəsinin təhlil və proqnozlaşdırma şöbəsinin baş məsləhətçisi Vüqar Əliyev, Lənkəran Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, Qafqaz Müsəlmanları İdarəsinin Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə, Liman şəhəri Ağsaqqallar Şurasının sədri Siyavuş Süleymanlı, Liman şəhəri “Cümə” məscidi dini icmasının sədri Vidadi Qurbanzadə və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mövzu ilə bağlı çıxış edənlər milli-mənəvi dəyərlərimiz və onun tərkib hissəsi olan ailə dəyərləri haqqında danışıblar.
Çıxışlarda cəmiyyətimizdə sağlam ailə modelinin qorunmasının vacibliyi vurğulanaraq qeyd edilib ki, gənclərin şəxsiyyət kimi formalaşmasında ailə dəyərlərinin mühüm rolu var.
Diqqətə çatdırılıb ki, ailə mənsub olduğu xalq, millət haqqında ilkin təsəvvürlər yaradır. Ailə həm də milli-mənəvi dəyərlərin təcəssümü, daşıyıcısıdır. Sağlam ailə - sağlam cəmiyyət deməkdir. Dövlətin əsasını sağlam ailələr təşkil edir.
Çıxışlarda, həmçinin gənclərimizin zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunması ilə bağlı təkliflər səsləndirilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Regionlar 2020-02-21 17:07:00