×
A
A
A
Sazlamalar

İstiqlal Muzeyində “Xocalıda can qaldı” adlı tədbir təşkil olunub

Bakı, 21 fevral, AZƏRTAC

Fevralın 21-də Azərbaycan İstiqlal Muzeyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 28–ci ildönümünə həsr olunmuş “Xocalıda can qaldı” adlı tədbir təşkil edilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbir Xocalı faciəsinin acı xatirəsini yaşatmaq, bu barədə ictimaiyyəti geniş şəkildə məlumatlandırmaq, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə etmək məqsədi ilə keçirilib.
Tədbirdə İstiqlal Muzeyinin icraçı direktoru Sədi Mirseyibli, Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan, ADMİU-nun kafedra müdiri, professor Əli Əmirli, Xalq rəssamı Arif Əziz, tanınmış kinorejissor, Xalq artisti Vaqif Mustafayev çıxış edərək Xocalı soyqırımının XX əsrin insanlıq əleyhinə yönəlmiş ən amansız cinayətlərindən, ən qəddar terror aktlarından biri olduğunu söyləyiblər. Bildirilib ki, Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Xocalı soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi Xocalı faciəsinin beynəlxalq hüquqa əsasən məhz soyqırımı olduğunu təsdiq edir.
Vurğulanıb ki, Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir.
Tədbirdə Xalq artisti, rejissor Vaqif Mustafayevin “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində lentə alınmış “Dərdimi çəkirəm” sənədli filmi nümayiş olunub.
Tədbir çərçivəsində Türkiyənin Qazi Universiteti tərəfindən ADMİU-ya hədiyyə edilmiş əsərlərdən ibarət sərgi də açılıb. Sərgidə Ankara Qazi Universitetində təhsil alan Türkiyə, Azərbaycan, Qırğızıstandan olan rəssam tələbələrin yaratdığı 13 əsər nümayiş edilib.

Mədəniyyət 2020-02-21 16:26:00