×
A
A
A
Sazlamalar

“Bizim müəllim” layihəsinin növbəti təqdimatı

Bakı, 21 fevral, AZƏRTAC

“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Cəlilabad rayon Alar kənd 2 nömrəli tam orta məktəbin müəllimi Elçin Abbasova həsr olunub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, 2006-cı ildən həmin məktəbdə pedaqoji fəaliyyət göstərən E.Abbasov riyaziyyat və fizika fənlərini tədris edir. O, 2015-ci ildə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirak edərək 54 bal toplayıb. Tədris apardığı siniflərdə “STEM” təlim metodu əsasında uğurlu nəticələr əldə edir. Şagirdləri ilə birgə Təhsil Nazirliyinin rəsmi “STEM Azərbaycanda” layihəsi çərçivəsində bir neçə tədbirdə iştirak edib. Yaşadığı rayonda ilk skaut dəstəsini (“Turan”) yaradıb. Milli Məclisin təşəbbüsü ilə keçirilən “İlin gənc müəllimi-2019” müsabiqəsinin qalibi olub.
Xatırladaq ki, “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, işə qəbul müsabiqəsində və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.

Elm və təhsil 2020-02-21 16:02:00