×
A
A
A
Sazlamalar

İlk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinif şagirdləri üçün buraxılış imtahanının nəticələri açıqlanıb

Bakı, 21 fevral, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fevralın 16-da ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlər üçün keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanın nəticələri fevralın 21-də saat 15:20-dən Mərkəzin rəsmi internet səhifəsində yerləşdirilib. Şagirdlər iş nömrəsi və şəxsiyyəti təsdiqləyən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.
İştirakçılar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirakı nəzərdə tutulan 3178 nəfərdən 54-ü imtahana gəlməyib.
Qeyd edək ki, buraxılış imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb. Komissiya Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir. Şagirdlər Apellyasiya Komissiyasına fevralın 24-də saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiqləyən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Elm və təhsil 2020-02-21 15:56:00