×
A
A
A
Sazlamalar

Ötən il Şəkidə iqtisadi və sosial sahələrin inkişafına 207 milyon manatdan çox investisiya yönəldilib

Şəki, 21 fevral, Mustafa Dadaşov, AZƏRTAC

2019-cu ildə Şəki rayonunda 477 milyon 823 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Ümumi məhsul buraxılışının həcmi əvvəlki illə müqayisədə 3 faiz artıb. Hesabat dövründə rayonda iqtisadi və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 207,6 milyon manat investisiya yönəldilib. İnvestisiya qoyuluşu əvvəlki illə müqayisədə 86 faiz artıb. Əsas kapitala yönəldilən investisiyanın 186,6 milyon manatı tikinti-quraşdırma işlərinə sərf edilib. Bu, əvvəlki illə müqayisədə 81 faiz çoxdur. Müddət ərzində rayonda 3704 yeni, daimi iş yeri açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə fevralın 21-də Şəkidə 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan müşavirədə məlumat verilib.
Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovun hesabat məruzəsində bildirilib ki, 2019-cu il Şəkinin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında əlamətdar hadisələrlə zəngin olub. Ötən ilin iyulunda Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında isə “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin Ümumdünya İrs Siyahısına daxil edilməsi ölkəmizin, eləcə də Şəkinin mədəni həyatında çox böyük hadisədir.
Hesabat məruzəsində 2019-cu ildə rayonda sosial-iqtisadi və mədəni sahədə görülən işlər ətraflı təhlil olunub.
Bildirilib ki, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə kənd təsərrüfatının inkişafında yeni mərhələ başlanıb. Respublikamızın ən iri aqrar rayonlarından olan Şəkidə hesabat dövründə məhsul istehsalının artırılması, kənd təsərrüfatında özəl bölmənin genişləndirilməsi diqqət mərkəzində saxlanılıb, rayonun iqtisadiyyatında mühüm yer tutan taxılçılığın, həmçinin ənənəvi sahələrdən olan baramaçılığın, tütünçülüyün, fındıqçılığın inkişaf etdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Torpaq mülkiyyətçiləri 67 min 939 hektar taxıl sahəsindən 235 min 198 ton məhsul tədarük ediblər. Taxıl sahələrində orta məhsuldarlıq 34,6 sentner təşkil edib. Bu, rayonun tarixində ən yüksək göstəricidir.
Ötənilki mövsümdə rayonda 47,9 ton yaş barama istehsal olunub. Bu sahənin dirçəldilməsi ilə bağlı görülən tədbirlər nəticəsində son dörd ildə Şəkidə yaş barama istehsalı 5 dəfəyə yaxın artıb. Ötən il tütün əkini sahələri 184 hektar genişləndirilərək 1061 hektara çatdırılıb. Şəkili fermerlər mövsüm ərzində 3642 ton quru tütün istehsal ediblər. Hesabat dövründə rayonda 1068 hektar sahədə yeni fındıq bağları salınıb.
Məruzədə 2019-cu ildə rayonda həyata keçirilən tikinti-təmir işləri barədə də geniş məlumat verilib. Bildirilib ki, hesabat dövründə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Şəki şəhərindəki 11 nömrəli tam orta məktəb üçün 960 şagird yerlik yeni məktəb binası tikilərək şagirdlərin istifadəsinə verilib. Şəhərdə istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə inşa edilən 48 mənzilli yaşayış binasının tikintisi davam etdirilib. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə rayonun kəndlərində daha 13 ədəd subartezian quyusu qazılıb. Şəki şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində işlər davam etdirilib.
Hesabat məruzəsində, həmçinin 2019-cu ildə Şəkinin mədəni həyatında baş verən yeniliklərdən, vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlərdən bəhs olunub.
Müşavirədə Prezident Administrasiyasının məsul işçisi Rüfət Əliyev çıxış edərək, 2019-cu ildə respublikamızda sosial-iqtisadi sahədə qazanılan uğurlardan danışıb, tövsiyələrini bildirib.
Prezident İlham Əliyevin 2019-cu il 25 dekabr tarixli Sərəncamı ilə kənd təsərrüfatının inkişafındakı xidmətlərinə görə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunan tütünçü Mehman Mustafayevə orden təqdim edilib.
Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

Regionlar 2020-02-21 15:29:00