×
A
A
A
Sazlamalar

Xocavənd rayonu üzrə 2019-cu ilin sosial-iqtisadi göstəricilər təhlil olunub

Beyləqan, 21 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC 

Xocavəndli məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, problemlərinin öyrənilməsi və vaxtında həll olunması daim diqqət mərkəzində saxlanılır. 2019-cu ildə xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları 3 şəhər və 10 rayonda 46 səyyar qəbul keçirilib. 2653 nəfər rayon sakini iştirak etdiyi görüşlərdə müxtəlif problemlərlə bağlı 85 məsələ barədə müraciətlər olub. Qaldırılmış məsələlərin bir hissəsi müsbət həllini tapıb, digərləri ilə bağlı yerli icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırılıb, rayon təşkilatlarına tapşırıqlar verilib. 2019-cu ildə 75 xocavəndli məcburi köçkün ailəsi evlə təmin olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində 2019-cu ilin yekunlarına həsr olunan yığıncaqda məlumat verilib. Yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Xocavənd qəsəbəsindəki abidəsi önünə gül dəstələri qoyub, mədəniyyət evinin qarşısında ötən ilin sosial-iqtisadi göstəricilərini əks etdirən stendlərə baxıblar.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun məruzəsində bildirilib ki, ərazisi işğal altında olan Xocavənd rayonunun azərbaycanlı əhalisi respublikanın 39 şəhər və rayonunda məskunlaşıb. Xocavəndli məcburi köçkünlər əsasən Beyləqan rayonu ərazisində yerləşən Xocavənd, Yeni Xocavənd, Yeni Tuğ, Qaradağlı, 320 ailəlik qəsəbələrdə, Ağcabədi rayonu ərazisində salınmış yaşayış massivində kompakt şəkildə yaşayırlar.
2019-cu ildə Yeni Tuğ qəsəbəsində yollara çınqıl tökülərək hamarlanıb, Yeni Xocavənd qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin və Xocavənd qəsəbəsi ilə 320 ailəlik qəsəbəni birləşdirən yolun işıqlandırılması üçün 32 ədəd işıq dirəyi quraşdırılıb. Yeni Tuğ qəsəbəsinə su xətti çəkilib, Xocavənd qəsəbəsində içməli su xəttinin əhəmiyyətli hissəsi yenilənib. 320 ailəlik qəsəbədə uşaq bağçası fəaliyyətə başlayıb. Qəsəbələrdə abadlıq-quruculuq işləri davam etdirilib, 700 ədəd həmişəyaşıl ağac əkilib. Qədim xalçaçılıq sənətinin inkişaf etdirilməsi və məcburi köçkünlərin işlə təmin edilməsi üçün “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 320 ailəlik qəsəbədə xalça istehsalı müəssisəsinin tikintisi nəzərdə tutulub.
Yığıncaqda qeyd olunub ki, xocavəndli məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi də diqqətdə saxlanılır. 2019-cu ildə rayon Məşğulluq Mərkəzinə müraciət edən 235 nəfər işaxtaran vətəndaşdan 142 nəfəri işlə təmin olunub. Bundan başqa 56 nəfər özünüməşğulluq proqramına, 30 nəfər “DOST İş Mərkəzi” MMC tərəfindən ictimai işlərə cəlb edilib.
Məlumat verilib ki, ötən il Beyləqan rayonu ərazisində məskunlaşan xocavəndli məcburi köçkünlər 50 qutu ipəkqurdu bəsləyərək 2001 kiloqram barama tədarük ediblər. 8150 hektar buğda sahəsindən 17 min 522,5 ton, 250 hektar arpa sahəsindən 582,5 ton məhsul əldə olunub. Bundan başqa 816,3 ton soğan, 244,5 ton kartof, 30,3 ton digər tərəvəz məhsulları istehsal edilib. Baramaçılığın inkişafı məqsədilə 4 min ədəd tut tingi əkilib.
Diqqətə çatdırılıb ki, rayonun təsərrüfatlarında 2298 baş iribuynuzlu mal-qara, 18 min 250 baş qoyun və keçi var. 2019-cu ildə 7966 sentner ət, 25 min 413 sentner süd, 158 sentner yun istehsal edilib.
Məruzə və çıxışlarda görülmüş işlərlə yanaşı, mövcud problem və çatışmazlıqlar da qeyd olunub, qarşıda duran vəzifələrdən bəhs edilib.
Hesabat yığıncağında Prezident Administrasiyasının məsul əməkdaşı Ağaəli Əhmədov çıxış edərək, ölkəmizdə həyata keçirilən uğurlu islahatlardan, qaçqın və məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan danışıb.

Regionlar 2020-02-21 15:20:00