×
A
A
A
Sazlamalar

Gənclər Kitabxanasında “Xocalı harayı” adlı tədbir keçirilib

Bakı, 21 fevral, AZƏRTAC

Fevralın 21-də Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Xocalı harayı” adlı tədbir keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbiri ümummilli lider Heydər Əliyevin “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir” sözləri ilə açan kitabxananın direktoru Oruc Quliyev, Xocalı soyqırımı haqqında ətraflı məlumat verib.
Sonra Bakı Dövlət Universitetinin müəllimi, tarixçi-toponimist Nazim Tapdıqoğlunun “Xocalı faciəsi. Ermənistanın Azərbaycana təcavüzü” adlı məruzəsi dinlənilib.
“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin üzvü, Xocalı sakini Hüseynağa Quliyev döyüşlərdə iştirakı, yaralanması, ermənilərə əsir düşərkən sonsuz işgəncələrə məruz qalmasından söz açıb.
“Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev, “Azərbaycan xalqına qarşı soyqırımları tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, “Azərbaycan Tarixçiləri” İctimai Birliyinin üzvü Natiq Məmmədzadə, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin təftiş komissiyasının sədri Zahid Qarayev, Xocalı döyüşçüsü Nazim Hüseynov, ehtiyatda olan polkovnik Rəfael Xəlilov, Yasamal Rayon İcra Hakimiyyətinin baş məsləhətçiləri Cavid Şıxcəfərli, Səyavuş Həsənzadə, AMEA-nın Əlyazmalar İnstitutunun dissertantı İradə Əlili, Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Bağırova, “Sosial-İqtisadi Araşdırmalar” İctimai Birliyinin sədr müavini Fərqanə Əliyeva, Qarabağ qaziləri Valeh Babayev, Hüseyn Əliyev, Ələsgər Orucəliyev, Mehdi Əliyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni-daşnak silahlı qüvvələrinin və keçmiş sovet 366-cı motoatıcı alayının Xocalıya divan tutması, soyqırımı törədilməsi, Xocalı soyqırımının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli səhifəsi olması mövzusunda çıxış ediblər.
Tədbir 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvləri və Yasamal rayonu 176 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı ədəbi kompozisiya ilə davam edib.
Tədbirin sonunda “Xocalı soyqırımını unutmayaq”, “Xocalıya Ədalət” adlı kitab sərgilərinə və Xocalı faciəsinə həsr olunmuş rəsm sərgisinə baxış keçirilib.

Mədəniyyət 2020-02-21 15:18:00