×
A
A
A
Sazlamalar

Yerli təhsili idarəetmə orqanlarının əməkdaşları təhlükəsizlik qaydaları haqqında maarifləndiriliblər

Quba, 21 fevral, Elxan Yusifli, AZƏRTAC 

Fevralın 21-də Qubada Təhsil Nazirliyinin təşkilatçılığı və Ərazilərin Minalardan Təmizlənməsi üzrə Dövlət Agentliyinin (ANAMA) dəstəyi ilə keçirilən regional müşavirdə gənclərin çağırışaqədərki hazırlığı (GÇH) fənninə aid kabinetlərdə təlim silahları, sursatlar və elektron silahların saxlanma qaydaları barədə ətraflı məlumat verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrinin ərazilərində hərbi sursat və tərkibində partlayıcı maddə olan qurğuların aşkar edilməsi, zərərsizləşdirilməsi, müəllim-şagird heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə” Təhsil nazirinin müvafiq əmrinin icrası ilə əlaqədar keçirilən müşavirənin əsas məqsədi təhlükəsizlik qaydalarına riayət edilməsinin vacibliyini göstərmək, fənn rəhbərlərinin bilik və bacarıqlarını daha da inkişaf etdirmək, onları vəzifə öhdəlikləri ilə bağlı maarifləndirməkdən ibarətdir.
Müşavirdə Təhsil Nazirliyi Audit şöbəsinin əmlakın monitorinqi sektorunun müdiri Bəhruz Müslümov qeyd olunan məsələlərlə əlaqədar yerli təhsili idarəetmə orqanlarının əməkdaşlarının maarifləndirmə işinin aparılmasının vacibliyini vurğulayaraq, müvafiq əmrin icrası ilə əlaqədar qarşıda duran vəzifələr barədə məlumat verib.
ANAMA-nın nümayəndəsi İdris İsmayılov çıxışında minaların zərərsizləşdirilməsi, əleyhqazlardan istifadə, hədəfin nişan alınması və digər normativlərin yerinə yetirilməsində təhlükəsizlik qaydalarına dəqiq riayət edilməsinin, partlamamış hərbi sursat (minalar, qumbaralar, mərmilər və digər partlayıcı əşyalar) aşkar edildikdə onlara toxunmağın qəti qadağan olması və bu barədə dərhal 102 və ya 112 “Qaynar xətti”nə məlumat verilməsinin önəmini vurğulayıb.
Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin əməkdaşı Mərdan Mərdanov idarə və təşkilatlarda bu səpkidə tədbirlərin keçirilməsinin vacibliyindən, təhsil müəssisələrində fövqəladə halların profilaktikası və görüləcək tədbirlərdən danışıb.
Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin hərbi rəhbəri Qılman Eyvazov GÇH fənninin şagirdlərin Azərbaycan Ordusu sıralarında hərbi xidmətə mənəvi-psixoloji cəhətdən hazır olmasında, vətənpərvər ruhlu vətəndaş kimi formalaşmasında mühüm rol oynadığını bildirib.
Müşavirədə Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin əməkdaşı Rövşən Ağayev müəllim-şagird heyətinin yol hərəkətinin təhlükəsizliyi ilə əlaqədar maarifləndirilməsi istiqamətində görülən tədbirlərdən danışıb.
Baş Dövlət Yol Polisi İdarəsinin təmsilçisi, polis polkovnik-leytenantı Mübariz Ağayev “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələr haqqında geniş məlumat verib.
Həmçinin yol hərəkəti təhlükəsizliyi ilə bağlı tədbirlərin, təlim və seminarların təşkilinin vacibliyi bildirilib, bu sahədə Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə əməkdaşlığa böyük önəm verildiyi qeyd edilib.
Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev müvafiq dövlət standartları əsasında hazırlanmış proqram və dərsliklərə uyğun tədris edilən GÇH fənninin məktəblilərin ordu həyatı ilə tanış olmalarına, Azərbaycanın Silahlı Qüvvələri haqqında məlumatların, hərbi Nizamnamə və Qaydaların mənimsənilməsinə xidmət etdiyini söyləyib.
Çıxışlardan sonra müşavirə mövzu ətrafında müzakirələrlə davam etdirilib.
Sonda isə rayonun Alekseyevka kəndindəki Rəhman Məmmədov adına tam orta məktəbdə gənclərin çağırışaqədər hazırlığı otağına baxış keçirilib, müvafiq təlimatlar verilib.

 

Regionlar 2020-02-21 15:16:00