×
A
A
A
Sazlamalar

Sabirabadda müxtəlif təyinatlı istehsal və emal müəssisələri yaradılıb

Sabirabad, 21 fevral, Mahir Babayev, AZƏRTAC

2019-cu ildə Sabirabadda iqtisadiyyatın bütün sahələrində uğurlar qazanılıb, sosial obyektlərin tikintisi, sənaye və kənd təsərrüfatının inkişafı davam edib, bir sıra mühüm infrastruktur layihələri həyata keçirilib. Kiçik və orta sahibkarlığın daha da inkişaf etdirilməsi üçün icra hakimiyyətinin bilavasitə dəstəyi ilə yerli investorların cəlb edilməsi hesabına rayonda ümumi layihə gücü 11 milyon manat olan kənd təsərrüfatı, sənaye məhsulları istehsalı və emalı müəssisələri yaradılıb. Nizami kəndində “Muğan Quşçuluq” MMC fabriki, Bulaqlı və Salmanlı kəndlərində heyvandarlıq kompleksləri istifadəyə verilib.
AZƏRTAC-ın bölgə xəbər verir ki, bu barədə Sabiraddada 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov məlumat verib.
Bildirilib ki, hesabat dövründə 2018-ci illə müqayisədə istehsal olunan məhsulun həcmi 528,9 milyon manat və ya 5,6 faiz, sənaye məhsulu 23 faiz, rabitə xidməti 11,9 faiz, nəqliyyat xidməti 5,3 faiz, pərakəndə əmtəə dövriyyəsi 4,8 faiz çox olub. Əsas kapitala yönəldilən investisiya 93,2 milyon manat təşkil edib, tikinti-quraşdırma işlərinin həcmi 87,4 milyon manat olub. Kənd təsərrüfatı üzrə məhsul istehsalı əvvəlki illə müqayisədə 40 milyon və ya 15,1 faiz artaraq 305,9 milyon manat təşkil edib. Məhsulun 166,7 milyon manatı və ya 54,3 faizi heyvandarlıq, 139,2 milyon manatı və ya 45,7 faizi bitkiçilik sahəsindən əldə olunub.
Son illər rayonda yol infrasturukturunun yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb. 22 min nəfər əhalinin yaşadığı, 15 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 43 kilometr olan Dadaşbəyli-Çöl Ağaməmmədli-Xankeçən-Salmanlı avtomobil yolunun tikintisi Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə ayrılan vəsait hesabına başa çatdırılıb. Sabirabad-Muradbəyli avtomobil yolunun 3 kilometrlik hissəsinə asfalt döşənməklə əsaslı təmir olunub. Rayonun bütün kəndlərində kənddaxili yollar hamarlanıb, çınqıl döşənib. Şirvan-Axtaçı Muğan-Sabirabad avtomobil yolunun 10-46 kilometrlik hissəsində, Cavad-Narlıq, Axısxa-Qaraqaşlı-Hacıbəbir, Moranlı-Bala Həşimxanlı, Surra-Qarasu avtomobil yollarında cari təmir işləri aparılıb.
Hesabat ilində rayonda məktəb tikintisi, məktəblərdə əsaslı və cari təmir işləri davam etdirilib. Ötən dövr ərzində Çığırqan kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib, 3 uşaq bağçası inşa olunub, 4 saylı şəhər uşaq bağçası əsaslı təmir edilib.
Bildirilib ki, əhalini dayanaqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə müəyyən tədbirlər həyata keçirilib. Rayon mərkəzində və 26 kənddə tam, 6 kənddə qismən kabelləşmə işləri aparılıb. Hazırda rayonun Beşdəli, Cavad və Sarxanbəyli kəndlərində bu işlər davam etdirilir. Nizamikənd və Yuxarı Axtaçı kəndlərində yerləşən 110/35/10 kilovotluq yarımstansiyalarda əsaslı təmir işləri aparılıb. Cavad kəndindəki 110/35/10 kilovatlıq yarımstansiyada aparılan yenidənqurma işləri başa çatıb. Rayonun bəzi kəndlərində 10/04 klovatlıq hava verlişi xətləri dəyişdirilib, yararsız dayaqlar yenisi ilə əvəz olunub, 3 yeni transformator quraşdırılıb, 346-nda təmir işləri aparılıb.
Rayonda əhalinin təbii qazla təminatını yaxşılaşdırmaq məqsədilə xeyli iş görülüb. Hazırda rayon mərkəzinə, 62 kəndə və 2 məcburi köçkün qəsəbəsinə təbii qaz verilir.
Qeyd olunub ki, son illər rayonda aqrar sektorun digər sahələrinin inkişafı ilə yanaşı, pambıqçılıq və baramaçılığın inkişafına da diqqət artırılıb. Hesabat ilində rayonda 8 min 630 hektar sahədə pambıq əkilib və plantasiyalardan 25 min 210 ton məhsul yığılıb. Mövsüm ərzində 14,2 ton barama istehsal olunub. Baramaçılığı daha da inkişaf etdirilməsi məqsədi ilə rayonun 14 kənd inzibati ərazi dairəsində yüksək məhsuldarlığı ilə seçilən 209.8 min ədəd tut tingi əkilib. Ötən il 25 min 136 hektar sahədə biçin aparılıb, 100,1 min ton taxıl istehsal olunub.
Rayonda heyvandarlığın inkişafı istiqamətində də xeyli iş görülüb. Heyvanların cins tərkibinin yaxşılaşdırılması, xüsusilə süni mayalanma şəbəkəsinin genişləndirilməsi, bu üsulla alınan buzovların uçotunu aparmaqla damazlıq istiqamətində yetişdirilməsi, mal-qaranın məhsuldarlığının artırılması, quşçuluğun inkişaf etdirilməsi, baytarlıq xidmətinin yüksəldilməsi, yem bazasının möhkəmləndirilməsi diqqət mərkəzində olub.
Dövlət başçısının tapşırığına əsasən rayonun Moranlı, Sarxanbəyli, Bala Həşimxanlı, Əliləmbəyli və digər kəndlərinin suvarma təminatının yaxşılaşdırılması üçün mənbəyi Kür çayından olmaqla uzunluğu 30 klometir olan “H” kanalı istifadəyə verilib, bunun nəticəsində 11 min 498 hektar sahənin su təchizatının yaxşılaşdırılmasına imkan yaradılıb. Bundan əlavə, “Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması” layihəsinin icrası istiqamətində tikinti işləri davam etdirilir. Bu layihə başa çatdırıldıqdan sonra 13866 hektar torpaq sahəsinin suvarılması mümkün olacaq.
Yığıncaqda cari ildə görüləcək işlər müəyyənləşdirilib, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Regionlar 2020-02-21 14:39:00