×
A
A
A
Sazlamalar

Ötən həftə 103 fermer təlimlərə cəlb olunub

Bakı, 21 fevral, AZƏRTAC

Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən müəyyən olunmuş təlim proqramına uyğun olaraq ötən həftə ərzində fermerlərin maarifləndirilməsi davam etdirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun Arıçılıq Mərkəzi tərəfindən Balakən DAİM-də keçirilmiş təlimdə 16, Qax DAİM-dəki təlimdə 16, Zaqatala DAİM-dəki təlimdə 14 nəfər iştirak edib. Aqrar Xidmətlər Agentliyi tərəfindən Cəlilabad DAİM-də keçirilmiş təlimdə 16, Salyan DAİM-də 11, Bərdə DAİM-də 15, Ağcabədi DAİM-də isə 15 fermerin iştirakı təmin olunub.
Ümumilikdə, həftə ərzində keçirilmiş 7 təlimdə 103 nəfər fermer iştirak edib. Fermerlərə arıçılıq mövsümünün başlanması ilə əlaqədar ilkin profilaktik tədbirlərin görülməsi, iribuynuzlu heyvanlarda dabaq və qarayara xəstəliklərinin profilaktikası, ona qarşı mübarizə tədbirləri, sahənin bitki qalıqlarından təmizlənməsi, dondurma şumunun aparılması, torpağın arata hazırlanması və alaq otlarına qarşı mübarizə tədbirləri, dondurma şumunun altına üzvi və mineral gübrələrin verilməsi, səpinin aparılması qaydaları haqqında məlumatlar verilib.
Təlimlər davam etdirilir.

 

Kənd təsərrüfatı 2020-02-21 14:01:00