×
A
A
A
Sazlamalar

Azərbaycan dili dünyanın ən zəngin dillərindən biridir

Bakı, 21 fevral, AZƏRTAC

Bakının Qaradağ rayonundakı 233 nömrəli tam orta məktəbdə 21 fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən məktəbin direktoru Gülər Bəbirova Beynəlxalq Ana Dili Gününün tarixi haqqında danışıb. Bildirilib ki, 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə qarşı keçirilən aksiyada 4 nəfər şəhid olub və onların xatirəsinə ehtiram əlaməti kimi 1999-cu ilin noyabrında UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.
Dəyirmi masada məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimləri Mərcan Rüstəmova və Xatirə Şıxəliyeva ana dilimizin inkişaf yolundan və zənginliyindən danışıblar. Qeyd olunub ki, Azərbaycan dili dünyanın ən inkişaf etmiş və zəngin dillərindən biridir. Ana dilimizi yad ünsürlərdən qorumağın, həmçinin dilin tədrisi məsələsinə ciddi yanaşmağın zəruriliyi vurğulanıb. Diqqətə çatdırılıb ki, bu il Beynəlxalq Ana dili Günü ilə bağlı sərhədsiz dillər mövzusunun seçilməsi ölkələr arasında dil baryerinin aradan qalxmasına, dil və mədəni müxtəlifliyin təbliğinə kömək edə bilər.
Sonda şagirdlər ana dilimiz haqqında şeirlər söyləyib, mahnılar ifa ediblər.

Elm və təhsil 2020-02-21 13:51:00