×
A
A
A
Sazlamalar

Məktəblilərarası “Avropa Pul Viktorinası”na qeydiyyat başlayıb

Bakı, 21 fevral, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankı, Təhsil Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası (ABA), Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun təşkilatçılığı və “Bank Respublika” ASC-nin dəstəyi ilə martın 13-də 13-15 yaşlı məktəblilər arasında “Avropa Pul Viktorinası” keçiriləcək.
ABA-dan AZƏRTAC-a bildirilib ki, “Avropa Pul Viktorinası” Avropanın 30-dək ölkəsinin məktəbliləri arasında maliyyə savadlılığı üzrə keçirilən yarışdır. Viktorina iki əsas mərhələdən – milli və Avropa finalından ibarətdir. Milli final mərhələsində qalib gələn iki nəfər aprelin 28-29-da Brüssel şəhərində baş tutacaq Avropa finalında iştirak etmək hüququ qazanacaq.
Şərtlərə görə, iştirakçının yaşı 13-15 yaş aralığında olmalıdır. Müsabiqədə ingilis dili biliyi olan iştirakçılara üstünlük veriləcək.
Yalnız qalib iki şagirdin səyahət (viza daxil olmaqla), mehmanxana və qidalanma xərcləri qarşılanacaq. Səyahətə qoşulmaq istədikləri halda valideynlərin və digər ailə üzvlərinin səyahət (viza daxil olmaqla), mehmanxana və digər xərcləri öz hesablarına olmalıdır.
Daha ətraflı məlumatı ABA-dan əldə etmək olar.

Maliyyə 2020-02-21 13:41:00