×
A
A
A
Sazlamalar

Ədəbiyyat İnstitutunda beynəlxalq konfrans: Əlişir Nəvai ədəbi və elmi irsinin öyrənilməsi YENİLƏNİB

Bakı, 21 fevral, AZƏRTAC
Fevralın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda dahi özbək şairi Əlişir Nəvainin anadan olmasının 579 illiyi münasibətilə “Əlişir Nəvai ədəbi və elmi irsinin öyrənilməsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Özbəkistanın Azərbaycandakı səfirliyi və Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti tərəfindən təşkil edilib.
Konfrans iştirakçıları əvvəlcə Əlişir Nəvainin Bakıda ucaldılmış heykəli önünə güllər qoyublar.
Sonra Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin nəzdində Əlişir Nəvai Ədəbiyyatşünaslıq Mərkəzi açılıb.
Konfransı giriş sözü ilə AMEA-nın I vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq bu tədbirin iki qardaş ölkənin elmi-mədəni əlaqələrinin inkişafına bir töhfə olduğunu bildirib. O, qədim yaradıcılıq ənənələrinə malik özbək ədəbiyyatının əsas xüsusiyyətlərindən bəhs edib, Azərbaycan-özbək ədəbi əlaqələrinin tarixi haqqında geniş məlumat verib. Vurğulayıb ki, Əlişir Nəvainin heykəlinin Bakıda ucaldılması əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-Özbəkistan əməkdaşlığının inkişafına bir nümunədir.
Rəhbərlik etdiyi müəssisədə özbək ədəbiyyatının araşdırılması və əməkdaşlığın formalaşdırılması üçün 2016-cı ildən etibarən Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin fəaliyyət göstərdiyini deyən akademik ötən müddət ərzində bu istiqamətdə konfranslar keçirildiyini, əsərlər nəşr edildiyini vurğulayıb.
Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, Əlişir Nəvai orta əsrlərdə Nizami irsini davam etdirib, Məhəmməd Füzulinin ilham mənbəyi olub, yaratdığı rəngarəng ədəbi nümunələrlə dünya ədəbiyyatında özünəməxsus yer qazanıb. Əlişir Nəvai Ədəbiyyatşünaslıq Mərkəzinin fəaliyyətə başlaması gələcək birgə fəaliyyətin müəyyənləşməsinə və yeni tədqiqatlar aparılmasına stimul verəcək.
AMEA-nın I vitse-prezidenti iki xalqın ədəbiyyatının qarşılıqlı tədqiqinə və ədəbi əlaqələrin daha da inkişaf etməsinə imkanlar yaratması baxımından konfransın əhəmiyyətini yüksək qiymətləndirib, tədbirin işinə uğurlar arzulayıb.
Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, filologiya elmləri doktoru, professor Şuxrat Sirojiddinov dahi şair Əlişir Nəvainin Şərq ədəbiyyatındakı mövqeyindən danışıb.
Azərbaycan və Özbəkistan arasında dostluq əlaqələrinin SSRİ dövründə də qorunduğunu deyən Şuxrat Sirojiddinov müstəqillik illərində bu münasibətlərin daha da gücləndiyini diqqətə çatdırıb. O, Ədəbiyyat İnstitutunda Əlişir Nəvai Ədəbiyyatşünaslıq Mərkəzinin açılmasını Azərbaycan-Özbəkistan elmi-mədəni əlaqələrinin göstəricisi olduğunu bildirib, konfransın ənənəvi hal almasının zəruriliyini qeyd edib.
Şuxrat Sirojiddinov milli naxışlarla bəzədilmiş özbək xalq geyimini akademik İsa Həbibbəyliyə hədiyyə edib.
Professor Şuxrat Sirojiddinov Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun fəxri doktoru seçilib, ona diplom və mantiya təqdim edilib . O, fəxri doktor seçilməsinin ümumilikdə Özbəkistan alimlərinə verilən dəyərin rəmzi ifadəsi olduğunu diqqətə çatdırıb.
Konfransda, həmçinin Özbəkistan Yazıçılar Birliyinin yaradıcılıq işləri üzrə birinci müavini Nadir Xalbutayev filologiya üzrə elmlər doktoru Almaz Binnətovaya və Azərbaycan Yazıçılar Birliyinin üzvü Akif Bağırova Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvlük vəsiqəsini təqdim edib.
Sonra Nadir Xalbutayevin “Əlişir Nəvai yaradıcılığı və müasir özbək şeiri”, Özbəkistan Yazıçılar Birliyinin Ədəbi tənqid bölməsinin müdiri, professor Nurbay Cabbarovun “Əlişir Nəvai və dil saflığı məsələləri”, Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunun professoru Bokijon Tuxliyevin “Əlişir Nəvai tuyuq janrı haqqında”, akademik Teymur Kərimlinin “Böyük özbək şairi Əlişir Nəvai haqqında söz”, filoloq alimlərimiz Almaz Binnətovanın “Əlişir Nəvai və Azərbaycan”, Yaşar Qasımbəylinin “Əlişir Nəvainin lirikası”, Ramiz Əskərin “Maqsud Şeyxzadə - böyük nəvaişünas”, nəvaişünas alim Alimcan Dövlətovun “Əlişir Nəvai qəzəllərinin ictimai-fəlsəfi mahiyyəti”, tədqiqatçılar İlhamə Sultanovanın “Əlişir Nəvai ədəbi irsi Cənnət Nağıyevanın tədqiqatlarında” və Sənubər Səmədovanın “Əlişir Nəvai yaradıcılığının müstəqillik illərində Azərbaycanda öyrənilməsi” mövzularında məruzələri dinlənilib.

Elm və təhsil 2020-02-21 13:40:00