×
A
A
A
Sazlamalar

Los-Ancelesdəki UCLA Universitetində İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Bakı, 21 fevral, AZƏRTAC

ABŞ-ın və dünyanın ən nüfuzlu universitetlərindən olan Kaliforniya Los- Anceles Universitetinin (UCLA) Kitabxanasında azərbaycanlı şair və mütəfəkkir İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş geniş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, UCLA və Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə UCLA Kitabxanasının rəhbərliyi və əməkdaşları, habelə universitetin müəllim və tələbə heyəti, tanınmış elm və mədəniyyət xadimləri, jurnalistlər, Azərbaycan icmasının üzvləri və digər qonaqlar iştirak ediblər.
Tədbiri açan UCLA Kitabxanasının direktor müavini Şaron Farb Azərbaycan ədəbiyyatının dahi nümayəndəsi İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş belə bir önəmli tədbirə ev sahibliyi etmələrindən məmnun olduqlarını bildirib. O, Azərbaycan ilə UCLA Kitabxanası arasında əməkdaşlığın uğurla inkişaf etdiyini, 2018-ci ilin yanvarında Baş Konsulluğun təşəbbüsü ilə Azərbaycan Milli Kitabxanası və UCLA Kitabxanası arasında Anlaşma Memorandumunun imzalandığını və bu tərəfdaşlığa böyük önəm verdiklərini diqqətə çatdırıb.
Kitabxananın Slavyan, Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməkdaşı Alena Aysinq öz çıxışında Azərbaycan ilə əməkdaşlıqdan və ötən il Azərbaycan Milli Kitabxanasının dəvəti ilə Azərbaycana etdiyi səfərdən danışaraq, ölkəmiz haqqında xoş təəssüratlarını slaydların köməyi ilə qonaqlarla bölüşüb.
Sonra çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu və Los-Anceles Konsulluq Korpusunun duayeni Nəsimi Ağayev İmadəddin Nəsiminin yaradıcılığından ətraflı bəhs edərək, onun öz şeirlərində yüksək humanizm, sülh, tolerantlıq, dünyəvilik, mənəvi kamillik, ədalət və ilahi eşq ideyalarını sadə və anlaşıqlı dildə xalqa çatdırdığını və bənzərsiz əsərlər yaratdığını vurğulayıb. Diplomat qeyd edib ki, Nəsiminin yaşadığı dövrdə fars dilinin dominant ədəbi dil olmasına baxmayaraq, böyük şair ən gözəl və tanınmış əsərlərini məhz öz ana dili olan Azərbaycan dilində yaradaraq, doğma dilimizin inkişafına böyük töhfələr verib.
Baş konsul ötən il Nəsiminin anadan olmasının 650 illiyinin qeyd olunduğunu və Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan edildiyini diqqətə çatdırıb. O, Nəsimi yaradıcılığının Azərbaycan ədəbiyyatının inkişafına güclü təsir göstərdiyini, onun ideyalarının indiyədək bir çox Azərbaycan və dünya ədiblərinin yaradıcılığında dərin iz qoyduğunu qeyd deyib. Baş konsul 650 il keçməsinə baxmayaraq, bu ideyaların bu gün də aktual olduğunu və böyük önəm kəsb etdiyini dilə gətirib. O, bu xüsusda Azərbaycanın bu gün tolerantlıq və multikulturalizm ənənələrinin hökm sürdüyü məkan olduğunu, ölkəmizdə etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər kəsin harmoniya və sülh şəraitində birgə yaşadıqlarını vurğulayıb.
Çıxışlardan sonra tanınmış amerikalı aktyorlar Azərbaycan milli geyimlərində sufi musiqisinin müşayiəti ilə Nəsiminin müxtəlif əsərlərini ingilis dilində səsləndiriblər. Tədbirdə, həmçinin Azərbaycan mənşəli britaniyalı müğənni Sami Yusufun 2019-cu ildə Bakıda ilk dəfə ifa edilmiş, Nəsimiyə həsr olunmuş kompozisiyasının videoyazısı nümayiş etdirilib.

Mədəniyyət 2020-02-21 13:10:00