×
A
A
A
Sazlamalar

Uşaq müəssisələrində sanitar-gigiyenik vəziyyət diqqətdə saxlanılır

Şahbuz, 21 fevral, AZƏRTAC

Muxtar respublikada dövlət uşaq siyasətinin inkişaf göstəricilərini, məktəbəqədər müəssisələr, ümumtəhsil məktəbləri və məktəbdənkənar müəssisələrdə, eləcə də onların maddi-texniki təminatından, müasir tipli infrastrukturlarından real şəkildə müşahidə edə bilərik. Bu müəssisələrin fəaliyyətə başlaması və fəaliyyətinin təmin olunması ilə yanaşı, bu gün onların saxlanılma şəraiti, eləcə də sanitar-gigiyenik normalara əməl olunması əsas şərtlərdəndir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Şahbuz rayon “Araz” kinoteatrında qeyd olunan məsələ ilə bağlı keçirilən maarifləndirici seminarda bu barədə danışılıb.
Tədbirdə çıxış edən Şahbuz Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Cəlal Paşayev seminarın önəmini qeyd edib.
Sonra Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Eltun Həziyev bildirib ki, muxtar respublikada fəaliyyət göstərən dövlət uşaq müəssisələrində il ərzində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən monitorinqlər keçirilir. Bu baxımdan maarifləndirici seminar da həmin müəssisələrdə sanitar-gigiyenik normalarına daha da yüksək səviyyədə əməl olunmasını təmin etməyi qarşısına məqsəd qoyub.
Daha sonra Təhsil Nazirliyinin Ümumtəhsil məktəbləri və liseylərlə iş üzrə şöbəsinin müdiri Abdulla Əsgərov muxtar respublikada təhsilin inkişafından danışaraq qeyd edib ki, ötən dövr ərzində Naxçıvanda 200-dən çox təhsil müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurulub. Bu gün bütün təhsil müəssisələrində təhsilalanlar Səhiyyə Nazirliyi tərəfindən tibb xidməti ilə təmin ediliblər. Bir sıra ümumtəhsil məktəblərində isə ayrıca tibb işçiləri fəaliyyət göstərirlər. Müvafiq müəssisələrdə tibb xidməti müəssisənin iş rejiminə uyğun şəkildə təşkil edilir. Təhsilalanların profilaktik müayinəsi, profilaktik peyvəndlərin aparılması müəssisə rəhbərliyi ilə əvvəlcədən razılaşdırılmış qrafik əsasında həyata keçirilir.
Ümumtəhsil məktəblərində və məktəbdənkənar təhsil müəssisələrində olan sanitar-gigiyenik vəziyyət barədə ətraflı məlumat verən muxtar respublikanın Gigiyena və Epidemiologiya Mərkəzinin sanitar karantin və xüsusi təhlükəli infeksiyalara nəzarət şöbəsinin müdiri Qurbani İbrahimov bildirib ki, uşaq müəssisələrinin sanitariya abadlığı ventilyasiya, isitmə və işıqlanmanın gigiyenik cəhətdən düzgün təşkil edilməsi ilə sıx əlaqədardır. Uşaqların daim hərəkətdə olması, otaqlarda kifayət qədər hava mübadiləsinin olmasını tələb edir. Yeməkxanası olan müəssisələrdə gündəlik menyunun tərtibində iştirak edilməli, hər gün hazırlanan yeməyin gündəlik nümunəsi götürülüb qapalı şüşə qabda soyuducuda saxlanılmalıdır.
Sonda tədbir iştirakçılarına müvafiq sahə ilə əlaqədar hazırlanmış broşürlər paylanılıb.

Regionlar 2020-02-21 12:06:00