×
A
A
A
Sazlamalar

AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda gənc alimlərin əməkhaqqına əlavələr veriləcək

Bakı, 21 fevral, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamına uyğun olaraq AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda yaşı 35-dən çox olmayan alim və tədqiqatçıların əməkhaqqına büdcədənkənar vəsaitlər hesabına əlavələr müəyyən edilməsi üçün müsabiqə keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, müsabiqədə 82 əməkdaş iştirak edib. İştirakçıların hər biri 5 dəqiqəlik çıxış edib. Müsabiqə elmi şurada gizli səsvermə yolu ilə keçirilib. Çıxışlar 10 ballıq sistemlə qiymətləndirilib.
İştirakçılardan 12-si 9-9,8 bal, 25-i 8-8,8 bal, 45-i isə 5-7,9 bal qazanıb.
Elmi şuranın qərarı ilə 9-9,8 bal qazananların hər birinə ayda 100 manat, 8-8,8 arasında bal toplayanlara 50, 5-7,9 bal qazananların hər birinə isə 30 manat büdcədənkənar vəsait hesabına əlavə əməkhaqqı verilməsi haqqında qərar qəbul edilib. Qərara əsasən əməkhaqqına əlavələrin verilməsi martın 1-dən hesablanacaq.
Qeyd edək ki, müvafiq sərəncam AMEA-da istedadlı gənc alimləri daha yüksəksəviyyəli elmi tədqiqatlar aparmağa həvəsləndirmək, onların elmi fəaliyyətini daha da stimullaşdırmaq məqsədi daşıyır.

Elm və təhsil 2020-02-21 11:26:00