×
A
A
A
Sazlamalar

Füzuli: tikinti-quruculuq işləri davam etdirilib, aqrar sahədə uğurlu nəticələr qazanılıb

Füzuli, 21 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

2019-cu ildə Füzuli rayonunda ümumi məhsul buraxılışının həcmi 193,5 milyon manat olub. Bu, əvvəlki illə müqayisədə 1,8 faiz çoxdur. 17,5 milyon manatlıq sənaye, 97,4 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. Bütün maliyyə mənbələri hesabına əsas kapitala 13 milyon 452,5 min manat investisiya qoyulub ki, onun da 11 milyon 722,2 min manatı tikinti-quraşdırma işlərinə sərf olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu faktlar 2019-cu ilin yekunları ilə bağlı Füzuli rayonunda keçirilən yığıncaqda səsləndirilib. Yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Horadiz şəhərindəki abidəsi önünə tər gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Rayon icra hakimiyyətinin başçısı Alı Alıyevin məruzəsində bildirilib ki, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, problemlərin öyrənilməsi və vaxtında həll olunması daim diqqət mərkəzində saxlanılır. Son bir ildə Bakı şəhərində, o cümlədən respublikanın müxtəlif şəhər və rayonlarında məskunlaşan 500-dən çox füzulili ailə mənzillərlə təmin edilib, işğal dövrü yandırılmış və dağıdılmış onlarla ev əsaslı bərpa olunub. Ötən il rayonun 100 min nəfərdən çox əhalisinə yeməkxərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən 62 milyon manata yaxın vahid aylıq müavinət ödənilib. Dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan füzulili məcburi köçkün gənclərin təhsil haqları dövlət tərəfindən qarşılanıb. Məcburi köçkünlərin pulsuz tibbi müayinəsi təşkil edilib.
Yığıncaqda bildirilib ki, son illərdə Füzuli rayonunda geniş vüsət alan tikinti-quruculuq və abadlıq işləri 2019-cu ildə də davam etdirilib. Prezident İlham Əliyevin Sərəncamına əsasən Horadiz şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur. Horadiz şəhərində Dövlət Bayrağı Meydanının ərazisində Bayraq Muzeyinin, Bala Bəhmənli kəndində rayon mərkəzi xəstəxanasının, Arayatılı kəndində uşaq bağçasının, Aşağı Yağlıvənd kəndində barama qurutma məntəqəsinin, məcburi köçkün ailələri üçün kərpic evlər adlanan ərazidə 95 evin, Əhmədalılar kəndində 35 evin tikintisi aparılır. Rayonda mədəniyyət müəssisələrinin bərpası və yenilərinin tikintisi də nəzərdə tutulub.
Aqrar sahədə əldə olunan uğurlardan danışılarkən diqqətə çatdırılıb ki, son illər rayonda strateji məhsul olan taxılçılığın intensiv inkişafına xüsusi diqqət yetirilir. Füzuli taxılçıları ötən il 36 min 964 hektar sahədə taxıl becərib, 114 min 958 ton məhsul əldə ediblər. Taxıl istehsalında rayonda yaradılan dörd iri taxılçılıq və bir toxumçuluq təsərrüfatının, həmçinin aqroparkın rolu böyükdür.
Məruzədə daha sonra bildirilib ki, rayonda ənənəvi təsərrüfat sahələri olan pambıqçılıq və baramaçılıq inkişaf etdirilir. Rayon kümçüləri ötən il 49,7 tondan artıq yaş barama istehsal ediblər. Füzuli rayonu bu göstərici ilə respublikada ən çox barama istehsal edən rayonlar sırasındadır.
Hesabat dövründə rayonda 1629,5 ton pambıq, 4010,7 ton tərəvəz, 3169,5 ton bostan, 1872 ton kartof, 1421,4 ton meyvə toplanmış, 960 ton üzüm, 2917,9 ton ət, 28 min 135 ton süd, 250,1 ton yun, 15 milyon 155 min ədəd yumurta istehsal olunub. Rayonda əhalinin heyvandarlıq və bostan-tərəvəz məhsullarına olan tələbatı yerli istehsal hesabına ödənilir və respublika bazarına bir sıra məhsullar da çıxarılır.
Yığıncaqda füzulili məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əldə olunan nailiyyətlərdən danışılıb, uğurlarla yanaşı, nöqsanlar də qeyd edilib, aidiyyəti xidmət təşkilatlarına tapşırıq və tövsiyələr verilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib.
Prezident Administrasiyasının məsul əməkdaşı Əflatun Rufiyev yığıncaqda çıxış edərək, ötən il respublikada sosial-iqtisadi sahədə görülən işlərdən, əldə olunan uğurlardan, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrdən danışıb.

Regionlar 2020-02-21 11:23:00