×
A
A
A
Sazlamalar

Qubalı məktəblilər zərərli vərdişlərin fəsadları barəsində maarifləndiriliblər

Quba, 21 fevral, Elxan Yusifli, AZƏRTAC 

Qubalı məktəblilər “Narkotiklər haqqında nə bilirik”, “Narkotik, yoxsa həyat”, “Radikal və separatçı dini təriqətlərin fəsadları və profilaktikası”, “Erkən nikahlar, onun fəsadları və qarşısının alınması yolları” və “Sosial şəbəkələrin yeniyetmələrə psixoloji təsiri” mövzularında maarifləndiriliblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə rayonun Alekseyevka kəndindəki Rəhman Məmmədov adına tam orta məktəbdə keçirilən görüşə 10 ümumtəhsil müəssisəsinin yuxarı sinif şagirləri cəlb olunub.
Tədbirdə Quba RPŞ-nin rəisi Süleyman Neymətov çıxış edərək, sağlam gəncliyin formalaşmasının prezident İlham Əliyevin dövlət siyasətinin əsas istiqamətlərindən olduğunu bildirib. Narkomaniyanın fəsadları barədə geniş məlumat verən polis rəisi, bu maddələrin istifadəçisi olan şəxslərin öz həyatlarını bilə-bilə məhv etdiyini qeyd edib. Hazırda narkotiklərin aludəçisinə çevrilmiş şəxslərin əksəriyyətinin gənclər təşkil etdiyi, bir çox insanların sağlamlıqlarını itirdikdən sonra öldürücü maddələrin pəncəsindən yaxa qurtarmağa çalışdığı, lakin buna müvəffəq ola bilmədikləri vurğulanıb. Erkən nikah mövzusuna da toxunan polis rəisi, erkən yaşda ailə quran qızların əksəriyyətinin sağlamlığında böyük problemlər yarandığını və onların xəstə uşaq dünyaya gətirmək ehtimalı böyük olduğunu diqqətə çatdırıb. S.Neymətov, həmçinin bildirib ki, heç bir valideyn övladını yeniyetmə vaxtlarında evliliyə məcbur edərək onun gələcəyini məhv etməməlidir.
Quba RPŞ-nin rəis müavini Kənan Məmmədov və İctimai Təhlükəsizlik Bölməsinin rəisi Ramin Məmmədov daxili işlər orqanları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı görülən qəttiyyətli tədbirlər barədə məlumat veriblər. Dini radikalizm mövzusuna da toxunan natiqlər, ölkədəki dini icmaların fəaliyyəti, dövlətin dinə qayğısı və tolerantlıq siyasəti barədə danışaraq, dövlət-din münasibətlərinin qanunvericiliklə tənzimləndiyini bildiriblər. Gənclərə qeyri-ənənəvi dini cərəyanların təsirinə düşməkdən uzaq durmalarını, milli-mənəvi və dini dəyərlərimizin qorunmasında, eləcə də vətənpərvərlik prinsiplərinin təbliğində cəmiyyətdə daha aktiv mövqe tutmalarının vacibliyi barədə məlumat veriblər.
Quba rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov, RPŞ-nin Veteranlar Şurasının sədri, istefada olan polis mayoru Cəlaləddin Məmmədov, Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialının müəllimi-psixoloq Nübar Bayramova və Quba Rayon Mərkəzi Xəstəxanasının həkimi Səidə Əliyeva çıxışlarında keçirilən tədbirin əhəmiyyətindən danışıb, milli-mənəvi dəyərlərin qorunub saxlanması və inkişafının məhz sağlam gəncliyimizdən asılı olduğunu diqqətə çatdırıblar.
Tədbirin sonunda narkotiklərin zərərli təsiri barədə qısametrajlı film göstərilib.

Regionlar 2020-02-21 11:15:00