İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron xidməti “myGov” portalına inteqrasiya olunub
Bakı, 21 fevral, AZƏRTAC
Vətəndaşlara proaktiv xidmətlər göstərməklə onların işlərini asanlaşdıran, resurslarına qənaət edərək şəffaf və operativ xidmət göstərən “myGov” elektron hökumət portalına daha bir sistem inteqrasiya olunub. Belə ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Sığortaolunanın Tibbi Kabineti” adlı elektron xidmətinin “myGov” portalına inteqrasiyası həyata keçirilib.
Bu barədə AZƏRTAC-a agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən bildirilib.
Vətəndaşlar tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində onlara göstərilən xidmətləri “myGov” portalından “Sığortaolunanın Tibbi Kabineti”nə daxil olaraq izləyə bilərlər. Bunun üçün “myGov” portalında qeydiyyatdan keçən vətəndaş öz profilinə daxil olaraq açılan pəncərədə “Qurumlar üzrə” bölməni, sonra agentliyin adına daxil olaraq “Sığortaolunanın Tibbi Kabineti” xidmətini seçməlidir. Növbəti səhifədə “Xidmət səhifəsinə keçin” xanasına daxil olaraq vətəndaş tibb müəssisələrinə müraciətlərini, qoyulan diaqnozları, tibbi xidmətlərin və laborator analizlərin nəticələrini, xəstəliyinin tarixçəsini görə bilər. Həmçinin “Sığortaolunanın Tibbi Kabineti” xidməti vasitəsilə vətəndaş xidmətlər zərfinə daxil olan tibbi xidmətlər, sığorta statusu və icbari tibbi sığorta haqqı borcu barədə məlumat əldə edə bilər. Hazırda kabinetin istifadə imkanlarının və səmərəliliyinin artırılması istiqamətində işlər davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “myGov” portalında hər bir vətəndaş öz şəxsi kabineti üzərindən “eAgro”, “eSatınalma, “Azərbaycan Respublikasının Mərkəzi Bankının Elektron Müraciətlər Sistemi”, “ASAN Ödəniş”, “eSosial”, “eHərrac”, Azərbaycan Dövlət Reklam Agentliyinin “İcazələr” sisteminə daxil ola bilər. Portala inteqrasiya olunmuş sistemlərlə birgə vətəndaşlara şəxsi kabinetləri üzərindən 690 elektron xidmətə çıxış təmin olunub. Bundan başqa “myGov”da vətəndaşlara ilkin olaraq 17 növ bildiriş xidməti də göstərilir.
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 111 yoluxma faktı qeydə alınıb
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
COVID-19-un EQ.5 mutasiyasından qorunmaq üçün sadə gigiyenik qaydalara əməl etmək lazımdır
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar