×
A
A
A
Sazlamalar

Zərdabda son dörd ildə barama istehsalı 12,5 dəfə artıb

Zərdab, 21 fevral, AZƏRTAC 

Zərdabda keçirilən şura iclasında 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr geniş müzakirə olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərliyi və qonaqlar öncə şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər.
Rayon icra hakimiyyətinin iclas zalında təşkil olunan tədbirdə icra hakimiyyətinin başçısı Mərdan Camalzadənin hesabat məruzəsi dinlənilib, müzakirələr olub. Bildirilib ki, ötən il rayon iqtisadiyyatının əsas sahələrində 160 milyon 109,7 min manatlıq məhsul istehsal edilib. Bu, inişilki illə müqayisədə 27 milyon 756,9 min manat və ya 17,7 faiz çoxdur. Rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatının inkişafı istiqamətində xeyli işlərin görüldüyü diqqətə çatdırılaraq, istehsal olunan məhsulların 73 milyon 719,5 min manatının və ya 46 faizinin aqrar sektorun payına düşdüyü vurğulanıb.
2019-cu ildə 18 min 715,5 hektar taxıl sahəsindən 62 min 135 ton məhsul istehsal olunub ki, bu da əvvəlki ildəkindən 1985 ton çoxdur. Cari ilin məhsulu üçün ötən payızda 19 min 580 hektarda taxıl əkilib. Taxıl əkini sahələri 864,5 hektar artıb.
Dövlət başçısının 2017-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı”nın icrası istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonda baramaçılıq sahəsində yüksək nailiyyətlər əldə edilib. Belə ki, 2016-cı ildə 5710 kiloqram barama tədarük olunduğu halda, 2019-cu ildə bu göstərici 12,5 dəfə artaraq 71 ton 539 kiloqrama çatdırılıb. Bunun 6 ton 218 kiloqramı yay yemləməsi nəticəsində tədarük edilib.
Rayon üzrə təhvil verilən yaş baramanın miqdarına görə kümçülərə emal müəssisəsi tərəfindən 282,3 min, dövlət büdcəsinin vəsaiti hesabına isə 352,6 min manat subsidiya verilib.
Hesabat ilində pambıqçılıq, heyvandarlıq, çəltikçilik və digər sahələrdə də nəticələr uğurlu olub.
Şura iclasında ötən il tikinti-quruculuq işlərində, yol infrastrukturunun yaxşılaşdırılmasında, təhsil, səhiyyə sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsində, əhalinin elektrik enerjisi, təbii qazla təminatı, su təchizatı istiqamətlərində xeyli işlərin görüldüyü diqqətə çatdırılıb, bu sahələrdə qarşıda duran vəzifələrdən danışılıb.
Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Əlibaba Əliyev çıxış edərək qarşıda duran vəzifələrdən söz açıb.
Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

Regionlar 2020-02-21 10:33:00