×
A
A
A
Sazlamalar

Ötən il Lerikdə sosial məsələlərin həllinə diqqət artırılıb

Lerik, 20 fevral, Bağır Əliyev, AZƏRTAC

Fevralın 20-də Lerik Rayon Mədəniyyət Mərkəzində keçirilən yığıncaqda ötən il Lerikdə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Toplantıda Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun hesabat məruzəsi dinlənilib. Qeyd olunub ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarının icrası nəticəsində Lerik rayonunda yeni infrastruktur yaradılıb, təhsil, səhiyyə, mədəniyyət obyektləri inşa edilib, sahibkarlığın inkişafı yeni mərhələyə qədəm qoyub, avtomobil yolları inşa edilib, yaşayış məntəqələrinə qaz və su xətləri çəkilib, elektrik təsərrüfatı yenilənib. 2019-cu ildə rayonda əsas sahələr üzrə məhsul istehsalının həcmi xeyli artıb. Ötən il Lerikdə 1231, o cümlədən 333 daimi, 868 müvəqqəti iş yerləri yaradılıb.
Hesabat ilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 14, Fövqəladə Hallar Nazirliyi tərəfindən təbii fəlakət nəticəsində yaşayış evləri qəza vəziyyətinə düşmüş vətəndaşlar üçün 30 fərdi yaşayış evi inşa edilib. Yeni il ərəfəsində Lerik şəhərində inşası başa çatdırılmış 48 mənzilli, dördmərtəbəli, yeni yaşayış binası tam təmirli və fərdi istilik sistemi ilə təmin olunaraq sakinlərin ixtiyarına verilib. 56 kilometrlik Lənkəran-Lerik və 22 kilometrlik Lerik-Şinəband-Orand-Nuravud-Zərdəbərə avtomobil yolunun tikintisi yekunlaşıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2,5 kilometrlik Blaband-Monidigah və Lüləkəran kəndinə gedən 1,5 kilometr olan yolun asfaltlaşdırılması başa çatdırılıb.
Bildirilib ki, rayonun 53 yaşayış məntəqəsi, 2019-cu ildə isə Peştətük, Vizəzəmin və Cənginəvud kəndləri tam qazlaşdırılıb. 2020-ci il üçün rayon üzrə 10-dan çox yaşayış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulub.
2019-cu ildə Təhsil Nazirliyinin sifarişi ilə 620 şagird yerlik 11 modul tipli, Orand və Əvilə kəndlərində 180 şagird yerlik yeni məktəb binalarının tikintisi başa çatdırılıb. 120 şagird yerlik iki modul tipli və 180 şagird yerlik Siyov kənd tam orta məktəbinin tikintisi davam etdirilir. Lerik şəhərindəki inteqrasiya təlimli internat tipli gimnaziyanın tədris korpusunda əsaslı təmir işləri həyata keçirilir. Burada müasir tələblərə cavab verən yataqxana binasının tikintisinə başlanılıb. Piran kəndində 75 yerlik uşaq bağçasının tikintisi davam etdirilir. Noda kəndində inşa edilmiş 50 yerlik uşaq bağçasının yaxın günlərdə istifadəyə veriləcək.
Lerik şəhərinə alternativ su xəttinin çəkilişi başa çatdırılıb. Şingədulan, Sors, Molalan və Geskon kəndlərinə yeni su xəttinin çəkilməsi ilə bağlı tikinti işləri davam etdirilir.
Diqqətə çatdırılıb ki, ötən il Lerik rayonunda aqrar sahədə də bir sıra uğurlar qazanılıb. Rayonun taxıl, kartof, tərəvəz sahələrində, meyvə bağlarında bol məhsul yetişdirilib.
Məruzə ətrafında müzakirələrdə rayon maliyyə idarəsinin müdiri Elman Abbasov, Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mahmud Zahidov, Lerik Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Mübariz Ağayev, Lerik bələdiyyəsinin sədri Balaşirin Nəsirov, rayonun fəal gənci Pərviz Ağaxanlı və sahibkar Ələkbər Salayev çıxış edərək, 2019-cu ildə Lerikdə sosial-iqtisadi inkişaf sahəsində görülən işlərdən, mövcud problemlərdən və qarşıda duran vəzifələrdən danışıblar.
Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev çıxış edib.
Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

Regionlar 2020-02-20 18:40:00