×
A
A
A
Sazlamalar

Gürcüstanın Kaspi rayonunda əhalinin pulsuz tibbi müayinə aksiyası keçirilib

Tbilisi, 20 fevral, AZƏRTAC

Gürcüstanın Kaspi rayonunda əhalinin pulsuz müayinəsi aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Gürcüstandakı səfirliyinin Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar hazırladığı tədbirlər planı çərçivəsində Loğman Tibb Mərkəzinin həkimlərinin iştirakı ilə baş tutub.
Aksiya çərçivəsində rayonun Qarabağlar, Ferma və digər kəndlərindən azərbaycanlı, gürcü və digər millətlərdən olan 50-dən çox insan LOR, terapevt, USM, oftalmoloq həkimlər tərəfindən müayinə olunub. Onlara lazımi məsləhətlər, bəzilərinə müvafiq xəstəxanalara göndərişlər və pulsuz dərman verilib.
Loğman Tibb Mərkəzinin baş həkimi və direktoru Elcan Abdullayev jurnalistlərə müsahibəsində deyib: “Mərkəz Xocalı soyqırımı ilə bağlı səfirliyin tədbirlər planı çərçivəsində əhaliyə yardım təklifini qəbul edib. Biz də kollektiv olaraq Xocalı soyqırımının 28-ci ildönümü ərəfəsində əhalini pulsuz müayinə etməyi qərara aldıq. Bu yolla biz, Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiramımızı bildirməklə yanaşı, azərbaycanlıların harada yaşamasından asılı olmayaraq humanizm, insanlıq prinspilərinə hər zaman sadiq qaldığını nümayiş etdiririk”.
Elcan Abdullayev bu cür aksiyaların davamlı olacağını bildirib.
O, şəhidlərimizə Allahdan rəhmət diləyib, belə bir aksiyanı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra Xocalıda keçirmək arzusunda olduğunu da bildirib.
Müayinə olunan Xəzəngül Əliyeva belə bir aksiyanın təşkilinə görə Azərbaycanın Gürcüstandakı səfirliyinə və Loğman Tibb Mərkəzinin kollektivinə minnətdarlıq edib. Bildirib ki, Xocalı soyqırımı hər bir azərbaycanlının qəlbinin dərin, sağalmaz yarasıdır: “Xocalı faciəsinin ildönümü ərəfəsində belə bir aksiyanın təşkili eyni zamanda, gənclərə örnəkdir. İnanıram ki, onlar bu faciə ilə bağlı lazımi bilgi əldə edəcək, şəhidlərimizin xatirəsini hər zaman uca tutacaq, yaşadacaqlar”.
Müayinə üçün müraciət edən David Xotodaşvili də aksiyanın təşkilini yüksək qiymətləndirib. Xocalı soyqırımı barədə çoxlu material oxuduğunu vurğulayan Xotodaşvili deyib ki, gürcü xalqı azərbaycanlıların dərdinə hər zaman şərik olub. Xocalı soyqırımı qurbanlarının da xatirəsini birlikdə anır.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Səhiyyə 2020-02-20 18:11:00