×
A
A
A
Sazlamalar

Şərur rayonunda 8 mindən çox şagird şahmatın sirlərini öyrənir

Şərur, 20 fevral, AZƏRTAC

Muxtar respublikanın Şərur rayonunda bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə çıxış edən rayon icra hakimiyyətinin başçısı Kamal Cəfərov “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın əhəmiyyətindən danışıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Kamal Cəfərov Şərur rayonunda idmanın inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən də bəhs edib. Bildirib ki, muxtar respublikanın hər bölgəsində olduğu kimi, Şərur rayonunda da idmanın bütün sahələrinin maddi-texniki bazası möhkəmləndirilib, müasir idman məktəbləri, idman qurğuları tikilib, ayrı-ayrı idman növləri üzrə 13 federasiya bölməsi yaradılıb, idmanla məşğul olanların sayı 7 min nəfəri ötüb. Hazırda rayonun ümumtəhsil məktəblərində idmanın tədrisi və gənclərin fiziki hazırlığı ilə 102 müəllim məşğul olur.
“Ötən il Şərur Olimpiya İdman Kompleksi yeniyetmələr arasında futbol üzrə beynəlxalq turnirə ev sahibliyi edib”, - deyən rayon icra hakimiyyətinin başçısı qeyd edib ki, Avropa birinciliklərində və beynəlxalq turnirlərdə ağır atletika üzrə idmançılardan Tərmenxan Babayev 2 qızıl, boks üzrə Alişan İsmayılov 1 gümüş, karete-do üzrə Fədayə Hüseynova 1 qızıl, Ayşən Yusifova və Günel Mahmudova hər biri 1 gümüş medal qazanıb. Azərbaycan çempionatlarında isə ağır atletika üzrə Tərmenxan Babayev 3 qızıl, Gülcahan Əliyeva 2 qızıl, 1 gümüş, Həsən Babayev isə 1 qızıl medala layiq görülüb.
Vurğulanıb ki, hazırda rayon üzrə 117 nəfər sertifikatı olan şahmat müəllimi var. Onlardan 107-si 8 min 207 nəfər şagirdə şahmatın sirlərini öyrədir.
Kamal Cəfərov rayon Gənclər və İdman İdarəsinin, Təhsil şöbəsinin, federasiya bölmələrinin rəhbərlərinin, “Şərurun səsi” qəzetinin redaksiyasının bədən tərbiyəsi və idmanın təbliği və inkişafı üçün sistemli tədbirlərin həyata keçirməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Tədbirin sonunda əldə etdikləri nailiyyətlər görə bir qrup məşqçi və idmançıya qiymətli hədiyyələr təqdim edilib.

Regionlar 2020-02-20 18:01:00