×
A
A
A
Sazlamalar

Naftalanda görülmüş işlər və qarşıya qoyulmuş məqsədlər müzakirə edilib

Naftalan, 20 fevral, Rauf Hacıyev, AZƏRTAC
Naftalan şəhərinin 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrə dair hesabat iclası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iclasda Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, şəhərin hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov hesabat məruzəsi ilə çıxış edib.
Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu iqtisadi islahatlar kurort şəhəri Naftalanın da bütün sahələrdə inkişafına təsir göstərib, makroiqtisadi göstəricilərdə müsbət dinamika müşahidə olunub.
2019-cu ildə Naftalan şəhərində ümumi məhsul buraxılışı ötən hesabat ili ilə müqayisədə 22,5 faiz artaraq 34 milyon 983 min manat, iqtisadiyyatın aparıcı sahəsi olan sənaye məhsulu xidmətlərinin həcmi 21,9 faiz artaraq 2 milyon 470,4 min manat təşkil edib. Əhaliyə göstərilən nəqliyyat və anbar təsərrüfatı xidməti 3,2 faiz artaraq 325,4 min manat, əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan ödənişli xidmətlərin həcmi 28 milyon 758,3 min manat, pərakəndə əmtəə dövriyyəsinin həcmi 3,8 faiz artaraq 25 milyon 419,4 min manat, hüquqi və fiziki şəxslərə göstərilən informasiya və rabitə xidməti 8,2 faiz artaraq 246,6 min manat olub. Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatı məhsulunun payı 1 milyon 514,8 min manat, tikinti işlərinin həcmi 53,8 faiz artaraq 21 milyon 858,7 min manat təşkil edib. İqtisadi artım əhalinin əməkhaqqı gəlirlərində özünü aydın şəkildə göstərib, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı hesabat ilində 2018-ci illə müqayisədə 22 faiz artaraq 432,9 manata yüksəlib.
Şəhərin yerli büdcəsinin mədaxil hissəsi 2 milyon 957 min manat planlaşdırıldığı halda, yerli mənbələrdən daxil olan gəlirlər hesabına 3 milyon 87,941 min manat olub. Yəni nəzərdə tutulduğundan 4,4 faiz və ya 130,941 min manat artıq vəsait daxil olub. Xərcləri isə 2 milyon 656,876 min manat təşkil edib. Bu dövrdə əsas sosial ödəmələrin maliyyələşdirilməsi təmin edilib, əməkhaqları, pensiya üzrə bütün öhdəliklər yerinə yetirilib.
Vurğulanıb ki, 4 ildir Naftalan şəhəri xərclərini öz yerli gəlirləri hesabına təmin edir. Naftalan buna ölkə başçısının turizm sektorunun inkişafı istiqamətində verdiyi tapşırıq və tövsiyələrə əməl etməklə, eləcə də şəhərdə istifadəyə verilən müasir səviyyəli turizm mərkəzlərindən daxil olan gəlirlər hesabına nail olub.
Tədbirdə Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov çıхış еdərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə 2019-cu ildə görülmüş işlər və 2020-ci ildə qarşıya qoyulan hədəflər barədə ətraflı məlumat verib.
Hesabat məruzəsi ətrafında Naftalan şəhər Maliyyə şöbəsinin rəisi Saleh Tağıyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Naftalan şəhər şöbəsinin müdiri əvəzi Eyvaz Nəcəfov və sahibkar İlqar Hüseynov çıxış ediblər.
Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikası Prezidentinə müraciət qəbul olunub.

Regionlar 2020-02-20 17:51:00