×
A
A
A
Sazlamalar

BDU-da tədris ilinin payız semestrində yüksək nəticə göstərən tələbələrlə görüş

Bakı, 20 fevral, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev imtahan sessiyasında uğur qazanan, yüksək bal toplamış tələbələrlə görüşüb.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə E.Babayev tələbələri təbrik edərək, onlara yeni nailiyyətlər arzulayıb. Rektor BDU-nun 100 illik yubiley mərasimində Prezident İlham Əliyevin çıxışının universitetin fəaliyyət planında öz əksini tapdığını xüsusi qeyd edib. “BDU-nun əlaçı tələbəsi olmaq özü bir şərəfdir. Həmin tələbələri fərqləndirmək lazımdır ki, digər tələbələrə də stimul olsun”, - deyən rektor tələbələri elmi-praktik konfranslar, seminarlar, simpoziumlar, olimpiadalar və müsabiqələrdə universiteti yüksək səviyyədə təmsil etməyə çağırıb.
E.Babayev BDU-da təhsilin keyfiyyətini artırmaq üçün aparılan islahatlardan da danışıb.
Görüşdə tələbələrin sosial həyatının daha da yaxşılaşdırılması məqsədilə yaradılan Mədəniyyət-yaradıcılıq və İdman-sağlamlıq mərkəzlərinin fəaliyyət istiqamətləri barədə geniş fikir mübadiləsi aparılıb.
Rektorun elm və təhsil üzrə müşaviri Aydın Kazımzadə tələbələrin vətəndaş kimi formalaşmasında elm və təhsilin rolundan bəhs edib.
Sonra tələbələrin sualları cavablandırılıb, təkliflər dinlənilib.
Görüşdə BDU-nun prorektorları, fakültə dekanları da iştirak ediblər.

Elm və təhsil 2020-02-20 17:18:00