×
A
A
A
Sazlamalar

Ötən il Qaxda aqrar sahədə məhsul istehsalı 7,8 faiz artıb

Qax, 20 fevral, Mustafa Dadaşov, AZƏRTAC

2019-cu ildə Qax rayonunda 29,8 ton yüksək keyfiyyətli yaş barama istehsal olunub. Barama istehsalı əvvəlki illə müqayisədə 4,5 ton artıb. Ötən ildən etibarən rayonda damazlıq barama istehsalına da başlanılıb və mövsüm ərzində 2,5 ton damazlıq məhsul istehsal olunub. Kümçülərə damazlıq barama istehsalına görə 50,5 min manat, sənaye növlü baramaya görə isə 107,4 min manat vəsait ödənilib. Eyni zamanda, kümçülərə təhvil verdikləri sənaye növlü baramanın hər kiloqramına 5 manat olmaqla, ümumilikdə, 134,3 min manat subsidiya verilib. Qax Damazlıq İpəkçilik Stansiyasında builki mövsümdə kümçülərə paylanılması üçün 146 kiloqram ipəkqurdu toxumu hazırlanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə fevralın 20-də Qax rayonunda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda məlumat verilib.
Tədbir iştirakçıları əvvəlcə rayonda istehsal olunan məhsulların sərgisinə baxıblar.
Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyevin hesabat məruzəsində bildirilib ki, 2019-cu il rayon iqtisadiyyatı üçün uğurlu olub. Ötən il rayonda iqtisadiyyatın əsas sahələri üzrə 160 milyon 23 min manatlıq məhsul buraxılıb və xidmətlər göstərilib. Hesabat dövründə rayonda 20 milyon 6 min manatlıq sənaye, 58 milyon 50 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. 435-i daimi olmaqla, 679 yeni iş yeri açılıb. Sahibkarlığın inkişafı, əhalinin işgüzar fəaliyyətinin artırılması və yeni iş yerlərinin yaradılması məqsədilə ötən il Sahibkarlığın İnkişafı Fondu tərəfindən 57 sahibkara 7 milyon 926 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 149 yeni iş yeri yaradılıb.
Bildirilib ki, aqrar sektorda həyata keçirilən davamlı tədbirlər nəticəsində 2019-cu ildə Qax rayonunda kənd təsərrüfatı məhsulları istehsalı əvvəlki illə müqayisədə 7,8 faiz artıb. Ötənilki mövsümdə qaxlı fermerlər 491,6 hektar sahədə tütün yetişdirib, 552,7 ton quru tütün istehsal ediblər. Tütünçülüklə məşğul olan fermerlərə 16,9 min manat subsidiya verilib. Rayon ərazisində 267,8 hektar sahədə yeni fındıq bağları salınıb. Kənd təsərrüfatı kooperasiyası üzrə pilot layihələrin dəstəklənməsi çərçivəsində Turaclı kəndində 96 ailəni birləşdirən və ümumi ərazisi 350 hektar olan “Ata-baba Fındıq İstehsalı” Kooperativi yaradılıb. Yeni yaradılan aqroparkın ərazisində ötən il 136 hektar sahədə badam, 36 hektarda qoz, 138 hektarda üzüm bağları salınıb.
Diqqətə çatdırılıb ki, 2019-cu ildə rayonda bütün maliyyə mənbələri hesabına 35 milyon 844 min manat həcmində tikinti-təmir işləri həyata keçirilib. Ötən il Tasmalı və Əlibəyli kəndlərində tam orta məktəblərin yeni binalarının, həmçinin kəndlərdə modul tipli 7 məktəb binasının tikintisi başa çatdırılaraq istifadəyə verilib. Ləkit kəndində bal məhsullarının qablaşdırılması məntəqəsi açılıb. Ağçay, Əmircan, Meşəbaş, Turaclı və Qarameşə kəndlərinin giriş yolları əsaslı təmir olunub, Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi – Qax-İlisu avtomobil yolunun yenidən qurulması işləri başa çatdırılıb.
Hesabat dövründə Qax şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması işləri davam etdirilib, şəhər ərazisində inşa edilən 48 mənzilli yaşayış binasında son tamamlama işləri aparılıb, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qax rayon şöbəsinin inzibati binasının tikintisi baş çatdırılıb.
Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə ötən il rayonun kəndlərində daha 14 ədəd subartezian quyusu qazılıb.
Müşavirədə, həmçinin 2019-cu ildə əhalinin təbii qaz, elektrik enerjisi, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər ətraflı təhlil edilib.
Prezident Administrasiyasının məsul işçisi Rüfət Əliyev müşavirədə çıxış edərək, 2019-cu ildə respublikamızda sosial-iqtisadi sahədə qazanılan uğurlardan danışıb, tövsiyələrini bildirib.
Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Regionlar 2020-02-20 16:02:00