×
A
A
A
Sazlamalar

Naxçıvan Dövlət Universitetində Beynəlxalq Ana Dili Günü qeyd edilib

Naxçıvan, 20 fevral, AZƏRTAC

Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu fikirlər ali təhsil ocağında 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Dilimiz milli sərvətimizdir” adlı tədbirdə universitetin rektoru Elbrus İsayev səsləndirib.
Rektor Beynəlxalq Ana Dili Gününün tarixindən söz açıb, bu əlamətdar günün dünyada geniş qeyd olunduğunu bildirilib. Vurğulayıb ki, dilimizin hərtərəfli inkişafı, onun rəsmi dövlət dili statusu alması ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”, – deyən Ümummilli Liderimizin apardığı gərgin işin nəticəsi olaraq 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsi ilə Azərbaycan dili dövlət dili kimi təsbit edilib. Həmin dövrdə Azərbaycan dilinin elmi şəkildə öyrənilməsinə başlanıb, dilçi alimlərin fəaliyyəti üçün geniş imkanlar açılıb, elmi-tədqiqat materialları və kitablar nəşr olunub.
“Dahi rəhbərin siyasi hakimiyyətə ikinci qayıdışından sonra da milli dəyərlərimizin ən qiymətlisi və bir millət kimi milli varlığımızın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində mühüm addımlar atılıb”, - deyən Elbrus İsayev bildirib ki, ana dilinin saflığının qorunması, ədəbi dil normalarının gözlənilməsi hər bir azərbaycanlının vəzifəsidir.
“Ana dilimizə dövlət qayğısı” adlı çıxışında Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Qənirə Əsgərova əsası Ümummilli Liderimiz tərəfindən qoyulmuş dil siyasətinin bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru, filologiya üzrə elmlər doktoru Sədaqət Həsənova “Zəlimxan Yaqub və ədəbi dilimiz” adlı çıxışında bildirib ki, zəngin və çoxşaxəli yaradıcılığı boyu Türk dünyasının tarixi şəxsiyyətlərinə, şair və yazıçılarına müraciət etməsi Zəlimxan Yaqubun əsərlərinin mövzu-ideya, forma-məzmun cəhətdən, dil zənginliyi baxımından bənzərsizliyini göstərən uğurlu cəhətlərdəndir.
Sonda tələbələr ana dilinə həsr olunmuş şeirlər səsləndiriblər.

Regionlar 2020-02-20 16:00:00