×
A
A
A
Sazlamalar

Ərəb ölkələri bazarında Azərbaycanın kənd təsərrüfatı məhsullarına tələbat artır

Bakı, 20 fevral, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat" ASC-nin və Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) ticarət nümayəndəsi aparatının təşkilatçılığı, ölkəmizin BƏƏ-dəki səfirliyinin dəstəyi ilə ötən ay Dubayda keçirilən “Azərbaycan kənd təsərrüfatı məhsulları: sərgi və dequstasiya” tədbiri yerli mətbuatda geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, mashrqnews.com, dubaiiconiclady.com, vdlnews.com, dubaihospitalitynews.com, emaratalyoum.com, mebusiness.ae və digər saytlarda tədbir barədə ətraflı məlumat verilib.
Məqalələrdə qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkə iqtisadiyyatının şaxələndirilməsində kənd təsərrüfatına xüsusi önəm verir. Azərbaycan kənd təsərrüfatı sektoruna BƏƏ-nin yatırdığı dövlət və özəl investisiyaları məmnuniyyətlə qarşılayır. Kənd təsərrüfatı sektorunun Azərbaycanın ümumi daxili məhsulda payı neftdən sonra ikinci yerdədir. Ölkə əhalisinin yarısı bu sektorda işləyir.
Yerli mətbuat “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə heyətinin sədri Leyla Məmmədovanın tədbirdəki çıxışına istinadla yazır ki, yaxın gələcəkdə Azərbaycan ilə BƏƏ arasında iqtisadi əməkdaşlıq çərçivəsində kənd təsərrüfatı və heyvandarlıq sahəsində ticarət mübadiləsi daha da artacaq. Leyla Məmmədova bildirib ki, Əbu-Dabidə və Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şəhərlərində Azərbaycanın kənd təsərrüfatı və heyvandarlıq məhsullarını tanıtmaq üçün "Azərbaycan Kənd Təsərrüfatı Məhsulları" sərgisinin təşkili ilə bağlı müzakirələr aparılır.
Qeyd olunur ki, Azərbaycan məhsulları, xüsusilə ət, tərəvəz, meyvə və pendir BƏƏ bazarında böyük yer tutmağa başlayıb. Azərbaycanın kənd təsərrüfatı məhsullarının Birləşmiş Ərəb Əmirlikləri və Körfəz bazarlarına ixracı üçün böyük imkanları var. Bu ölkənin şirkətlərinin Azərbaycanın aqrar sektoruna investisiya yatıracağına ümid etdiyini bildirən Leyla Məmmədova vurğulayıb ki, Azərbaycanda qeyri-neft sektorunda, xüsusilə kənd təsərrüfatı sahəsində önəmli islahatlar aparılır. Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin son illərdəki fəaliyyəti və kənd təsərrüfatı məhsullarının həcminin artırılması istiqamətində görülən işlər bu sahənin inkişafına təkan verir.

Kənd təsərrüfatı 2020-02-20 15:30:00