×
A
A
A
Sazlamalar

“Türkologiya” jurnalı və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi arasında memorandum imzalanıb

Daşkənd, 20 fevral, АZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin “Türkologiya” jurnalı və Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) arasında memorandum imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədi AMM-nin direktoru Samir Abbasov və elektron formada “Türkologiya” jurnalının baş redaktoru, akademik Kamal Abdulla imzalayıb.
Bununla bağlı Samir Abbasov AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimovla görüşüb.
Görüşdə deyilib ki, AMEA Rəyasət Heyətinin 17 fevral 2016-cı il tarixli qərarı ilə görkəmli alim, akademik Kamal Abdullanın “Türkologiya” jurnalına baş redaktor təyin olunmasından sonra jurnal ənənəni davam etdirməklə yanaşı, rubrika və məzmun baxımından zənginləşib, beynəlxalq elmi mərkəzlərlə əlaqələri genişləndirib və nəhayət, EBSCO başda olmaqla bir sıra nüfuzlu beynəlxalq indeksləşdirmə biblioqrafiyalarına (MLA, SAJI, SIS, TEI, SOBİAD, CIF) daxil edilib.
Memorandumda Azərbaycanın mövcud qanunvericiliyini, habelə bu sahədə müvafiq sazişləri, müqavilələri rəhbər tutaraq gələcəkdə elm, dil, tarix, folklor və ədəbiyyat sahələri üzrə ikitərəfli əməkdaşlığı ən yüksək səviyyəyə çatdırmağın zəruriliyi vurğulanıb.
Sənəddə hər ilin əvvəlində birgə həyata keçiriləcək tədbirlərə dair məsləhətləşmələr aparmaq və əməkdaşlığa dair illik iş planı tərtib etmək, elm, dil, tarix, folklor və ədəbiyyat sahələri üzrə yeniliklərə dair nəşrlərin mübadiləsini həyata keçirmək, il ərzində Azərbaycan və Özbəkistanın ortaq dəyərlərinə, elm, dil, tarix, folklor və ədəbiyyat sahələrinə dair birgə tədbirlər keçirmək, hər iki ölkənin elmi jurnalları arasında əlaqələri dərinləşdirmək və bu nəşrlərdə hər iki tərəfə aid məqalələrin yayımlanmasına dəstək olmaq, "Türkologiya" jurnalının Özbəkistanda daha da geniş yayılmasına, nəşrin öz nömrələrində Özbəkistan tərəfinə xüsusi yer ayırmasına dəstək olmaq və digər məsələlər öz əksini tapıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Mədəniyyət 2020-02-20 15:21:00