×
A
A
A
Sazlamalar

TƏBİB-in tabeliyində olan tibb işçilərinin hamısı aylıq maaşlarını alıblar

Bakı, 20 fevral, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan bütün tibb işçilərinə aylıq maaşları verilib. Əməkhaqlarına əlavələrin tətbiqi isə vaxt tələb edir. İcbari tibbi sığorta səhiyyə sahəsində aparılan əhəmiyyətli islahatdır.
AZƏRTAC xəbər verir ki, bu barədə fevralın 20-də keçirilən mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev məlumat verib.
“Azərbaycan səhiyyə sistemində ilk dəfədir ki, səhiyyə işçilərinin əməyi xidməti fəaliyyətin iqtisadi və kəmiyyət göstəricilərinə görə qiymətləndirilir. Gələcəkdə səhiyyə işçilərinin əməyinin keyfiyyət göstəricisinə görə də qiymətləndirilməsi nəzərdə tutulur. Hazırda tibb müəssisələrinin mühasibatlıq və maliyyə şöbələri bonus və əlavələrin hesablanması üzərində çalışırlar. Agentlik də tibb müəssisələrinə bu istiqamətdə öz dəstəyini göstərir. Yaxın zamanda səhiyyə işçiləri əməkhaqlarına əlavələrini də alacaqlar”, - deyə agentlik sədri bildirib.
Səhiyyə işçilərinin əməkhaqlarına tətbiq edilən əlavələrdən danışan Z.Əliyev bildirib ki, yeni qaydaya əsasən, tibb işçisinin əməkhaqqına tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə (tarif) maaşı, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir.

Səhiyyə 2020-02-20 13:45:00