×
A
A
A
Sazlamalar

Azərbaycanlı alim beynəlxalq tədbirdə malyariya əleyhinə təklif etdiyi vaksin haqqında məruzə edəcək

Bakı, 20 fevral, AZƏRTAC

Bu il martın 5-dən 7-dək Türkiyənin İstanbul şəhərində Beynəlxalq Biotexnologiya Konqresi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, beynəlxalq tədbirdə azərbaycanlı alim, Türkiyənin Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov “Hüceyrə və gen əsaslı peyvəndlər” bölməsində malyariya əleyhinə təklif etdiyi vaksin haqqında məruzə ilə çıxış edəcək.
Xatırladaq ki, Tərlan Məmmədov hüceyrə daxilində enzimatik deqlikozlaşma texnologiyasından istifadə etməklə dünya üzrə ən çox insan xəstəliyinə və ölümünə səbəb olan malyariyaya qarşı vaksin hazırlayıb. Alim əldə olunan vaksinin milyonlarla insanın həyatını xilas edəcəyini bildirir: “Bu vaksinin kliniki sınaqlarda istifadəsi artıq Türkiyə hökuməti tərəfindən dəstəklənir”.
Qeyd edək ki, Beynəlxalq Biotexnologiya Konqresi tibb və əczaçılıq, biotexnologiya sahəsində elmi töhfə verən, biotexnoloji dərmanlar istehsal edən, müxtəlif platformaları bir araya gətirərək aktual məlumatların ötürülməsi və bölüşdürülməsi məqsədi daşıyır. Biotexnologiya sahəsinin multidisiplinar (çoxşaxəli) xüsusiyyətinə görə müvafiq elmi fənlərə töhfə verəcək konqres məzmun və əhatə dairəsinə görə çox zəngindir. Konqresin işçi dili türk və ingilis dilləridir.

Elm və təhsil 2020-02-20 13:07:00