×
A
A
A
Sazlamalar

Abay Kunanbayevə həsr olunan respublika elmi konfransına məqalə qəbulu aparılır

Bakı, 20 fevral, AZƏRTAC

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsi tərəfindən aprelin 22-də “Azərbaycandan Qazaxıstana dostluq körpüsü: Abay Kunanbayev-175” mövzusunda keçiriləcək respublika elmi konfransına məqalə qəbulu aparılır.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, görkəmli qazax şairi Abay Kunanbayevin 175 illik yubileyinə həsr olunan konfransda iştirak etmək istəyənlər məqalələrini martın 10-dək təşkilat komitəsinin hü[email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Məqalələr Abay Kunanbayevin həyatı və ədəbi irsi, lirikası, poemaları, ictimai məzmunlu şeirləri, nəsihətləri, yaradıcılığının dil və üslub xüsusiyyətləri mövzularını əhatə etməlidir.
Məqalə işçi dillərdən birində 5-10 səhifə həcmində “Times New Roman” şrifti ilə 14 ölçüdə yazılmalıdır. Məqalənin əvvəlində ortadan tünd-qara şriftlə, böyük hərflərlə müəllifin adı, atasının adı, soyadı və onun altından kursivlə elmi dərəcəsi, vəzifəsi, aid olduğu təşkilat qeyd olunmalıdır. Məqalənin adı ortada böyük hərflərlə, ondan sonra əsas mətn verilməlidir. Yazının məzmunu elmi yeniliyi və aktuallığı ilə fərqlənməlidir. Ədəbiyyat siyahısı məqalənin sonunda “İstifadə olunmuş ədəbiyyat” adı ilə verilməli və əlifba sırası ilə gözlənilməlidir. Mətndə ədəbiyyata istinadlar mötərizədə mənbənin siyahıdakı nömrəsini və götürülən sitatın səhifəsini göstərməklə verilməlidir. (5, s. 132) və ya [3, s. 76].
Xülasə 5 cümlədən, açar sözlər isə 5 sözdən az olmamalıdır. Məqalə Azərbaycan dilindədirsə - xülasə ingilis dilində, məqalə rus və ingilis dillərindədirsə - xülasə Azərbaycan dilində olmalıdır.
Konfransa elmi dərəcəsi olan şəxslər (fəlsəfə və elmlər doktorları), müəllimlər, elmi işçilər, doktorantlar, magistrantlar və tələbələr (hər kəs yalnız bir məqalə ilə) qatıla bilərlər.
Göstərilən tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək.
Konfransa təqdim olunmuş yazılar təşkilat komitəsi tərəfindən dəyərləndirildikdən sonra müəlliflərə elektron poçt ünvanı vasitəsilə məlumat veriləcək.

Elm və təhsil 2020-02-20 12:31:00