×
A
A
A
Sazlamalar

Memarlıq və İnşaat Universitetində Karyera sərgisi təşkil olunub

Bakı, 20 fevral, AZƏRTAC
Fevralın 20-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrin məşğulluğunu artırmaq məqsədilə tələbə və məzunlar üçün ikinci dəfə Karyera sərgisi təşkil olunub. Sərgidə nazirliklər, dövlət qurumları, komitə və təşkilatlar, müəssisələr, eləcə də ölkənin universitetlə uğurlu əməkdaşlıq edən qabaqcıl şirkətlərinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, sərgini giriş sözü ilə açan universitetin rektoru, professor Gülçöhrə Məmmədova Karyera sərgisinin tələbə və məzunların karyera imkanlarını artırmaq, məşğulluqlarını inkişaf etdirmək, əmək bazarında fəaliyyət göstərən, ixtisaslarına uyğun şirkətlərlə əlaqə yaratmaq və real iş imkanlarından faydalanmaq məqsədilə təşkil olunduğunu qeyd edib. Bildirib ki, sərgi AzMİU-nun tələbə və məzunlarına karyera yolunda ilkin addımlarını atmaqda böyük dəstək verəcək.
“Sərgiyə universitetin əməkdaşlıq etdiyi dövlət qurumları, özəl şirkətlər, həmçinin ölkənin aparıcı müəssisələri qoşulub. Bu çox təqdirəlayiq haldır. Bu cür sərgilər gənclərlə şirkətlər arasında körpü yaradaraq onların uğurlu karyera qurmaları üçün böyük önəm kəsb edir”, -deyə professor Gülçöhrə Məmmədova qeyd edib.
Rektor sərgidə nümayiş olunan stendləri gəzib, şirkətlərin nümayəndələri ilə ünsiyyətdə olub, vakansiyalarla maraqlanıb.
1500-dən çox tələbə və məzunun iştirak etdiyi sərgi böyük maraqla qarşılanıb. Sərgidə şirkət nümayəndələri təmsil olunduqları müəssisələrdəki vakansiyalar haqqında tələbələrə ətraflı məlumat veriblər. Xüsusilə iş axtarışında olan 4-cü kurs tələbələri bu sərginin onlar üçün çox vacib olduğunu, iş yeri tapmaq probleminin həllinə kömək edəcəyini vurğulayıblar. Sərginin gedişində iş axtarışında olan gənclər şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə ünsiyyət yarada biliblər. Şirkət nümayəndələrinə yaxınlaşıb, özlərinə uyğun vakansiyalara CV-lərini təqdim ediblər.
Tələbələrin keyfiyyətli təhsil almalarını təmin etməklə yanaşı, onların ixtisasları üzrə uğurlu karyera qurmaları üçün də kömək göstərən universitet rəhbərliyinin təşəbbüsü ilə 90-dan çox dövlət qurumu, özəl şirkət və müəssisə gənclərə müxtəlif vakansiyalar üzrə ümumilikdə 100-dən artıq iş yeri təklif edib.
Budəfəki karyera sərgisinin əsas ideyası təkcə iş imkanlarını gənc peşəkarlarla paylaşmaq deyil, həm də onların iş adamları (şirkət nümayəndələri) ilə ünsiyyət saxlaması və iş həyatında möhkəm addımlarla irəliləmələri üçün önəmli bir təşəbbüs olub.
Sərgidə ölkənin aparıcı şirkətlərindən Paşa İnşaat, North West Construction MMC, Azərbaycan Dövlət Neft Şirkəti, BP Azərbaycan, PMD Projects, Akkord STİK, Holcim Azərbaycan, İmprotex İndustries MMC, Embawood MMC, Kapital Bank, Beynəlxalq Bank, eləcə də digər dövlət və özəl şirkətlərdə vakant iş yerləri sərgiyə çıxarılıb.

Elm və təhsil 2020-02-20 12:14:00