×
A
A
A
Sazlamalar

Luare Kənd Təsərrüfatı Palatasının nümayəndələri Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda olublar VİDEO

Quba, 20 fevral, Elxan Yusifli, AZƏRTAC 

Fransanın Luare Kənd Təsərrüfatı Palatasının nümayəndələri Laurent Lejard və Romain Dufer Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunda olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun rəhbərliyinin də iştirak etdiyi görüşdə Quba Regional Aqrar Elm Mərkəzinin Fransanın Luare Kənd Təsərrüfatı Palatası ilə birlikdə “Dənli bitkilər” layihəsini həyata keçirdiyi vurğulanıb. Layihə çərçivəsində Xaçmaz rayonunda, eləcə də Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun təcrübə sahəsində, ümumilikdə, 65 hektar sahədə yumşaq buğdanın “Renan” və “Barok” sortları və 30 hektar sahədə arpanın “Ramata” sortu əkilib. Əkinçilik Elmi-Tədqiqat İnstitutunun tərəfdaşlığı ilə reallaşan layihənin əsas məqsədi yeni sortların üstünlüklərini yerli sortlarla müqayisəli şəkildə tədqiq etməkdir.
Daha sonra qonaqlar Fransadan gətirilən sortların əkildiyi əkin sahələrinə və institutun təcrübə sahələrinə baxış keçiriblər. Bildirilib ki, Fransadan Azərbaycana yeni buğda və arpa sortları gətirərək yerli torpaq iqlim şəraitinə uyğunlaşmasının sınaqdan keçirilməsi gələcəkdə ölkəmizdə taxıl istehsalının artırılmasına dəstək məqsədi daşıyır.
Sonda Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə Əkinçilik Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən iki qurum arasında birgə kadr hazırlığı, elmi-tədqiqat işlərinin aparılması və eləcə də elmi-praktiki konfransların təşkili sahəsində birgə layihələr həyata keçiriləcək.

Kənd təsərrüfatı 2020-02-20 12:13:00

Video