×
A
A
A
Sazlamalar

Azərbaycan şirkətləri Moskvadakı beynəlxalq sərgidə mükafata layiq görülüb

Bakı, 20 fevral, AZƏRTAC

Azərbaycan şirkətləri beynəlxalq sərgidə mükafata layiq görülüb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə məhsullarımız Moskvada keçirilən “Prodexpo 2020” beynəlxalq ərzaq sərgisində nümayiş olunub. Sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici həmkarları ilə görüşlər keçirib, ixraca dair razılıqlar əldə edib, müqavilələr bağlayıblar. Belə ki, “Balxurma” şirkəti qurudulmuş xurma məhsullarının Taylanda ixracına dair müqavilə imzalayıb. Bundan başqa, Göygöl Şərab Zavodu şərab və brendinin Litvaya, “Tac-Gülüstan” şirkəti mineral su və limonad məhsullarının Yaponiyaya ixracına, “Az-Granata” şirkəti Rusiyada spirtli içkilərin idxalı ilə məşğul olan şirkətlə distribüterlik müqaviləsinin bağlanmasına dair razılıq əldə edib.
Sərgidə məhsulları xarici şirkətlərin və sərgi ziyarətçilərinin böyük marağına səbəb olan Azərbaycan şirkətləri - “Karaca” və “Azərstar” “Ən yaxşı müəssisə” mükafatına, “Caspian coast” şirkəti isə bir gümüş və bir bürünc medala layiq görülüb.

Sərgilər 2020-02-20 12:10:00