×
A
A
A
Sazlamalar

Ağdamda “Xocalı həsrəti" adlı rəsm sərgisi açılıb VİDEO

Ağdam, 20 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Xocalı həsrəti" adlı rəsm sərgisi açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən sərgidə Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvüləri Elnurə və Aygün İsgəndərovaların, həmçinin bir qrup peşəkar rəssamın seçilmiş işləri nümayiş olunub. Gün ərzində davam edən sərgidə rayon icra hakimiyyətinin rəhbərliyi, ziyalılar, Dövlət Sosial İqtisad Kollecinin və Ağdam Musiqi Kollecinin müəllim və tələbələri iştirak ediblər.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov sərgi ilə tanış olan gənclərə Ermənistanın respublikamıza qarşı apardığı qəsbkarlıq müharibəsi, erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilən qırğın barədə məlumat verib, gənclərə tariximizi dərindən öyrənməyi, xalqımızın başına gətirilən faciələri heç vaxt yaddan çıxarmamağı tövsiyə edib.
Keçmiş döyüşçü Oruc Cabbarov gənclərə 28 il əvvəl şahidi olduğu dəhşətli hadisələrdən, Xocalı soyqırımı zamanı qətlə yetirilənlərin, yaralıların çıxarılmasında o zaman Ağdamda yaradılmış könüllülərdən ibarət dəstələrin rolundan danışıb.
Rəssam Aygün İsgəndərova AZƏRTAC-a müsahibəsində bildirib ki, Azərbaycanın haqq səsinin, Qarabağla bağlı həqiqətlərin dünyaya çatdırılmasında rəssamlar da öz töhfələrini verməyə çalışır. “Xocalı həsrəti" adlı rəsm sərgisi XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı həqiqətlərini gənc nəslə çatdırmaq, onların milli vətənpərvərlik ruhunu yüksəltmək məqsədilə təşkil edilib. Növbəti rəsm sərgiləri fevralın 26-dək Bakının rayonlarında təşkil ediləcək”.

Regionlar 2020-02-20 10:19:00

Video