×
A
A
A
Sazlamalar

Tokioda “Imegine One World-Kimono Project” layihəsi çərçivəsində Azərbaycan kimonosunun təqdimatı keçirilib VİDEO

Tokio, 20 fevral, AZƏRTAC
Tokioda “Imegine One World – Kimono Project” layihəsi çərçivəsində Azərbaycan kimonosunun təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Yaponiyadakı səfirliyində təşkil edilən tədbirdə “Tokio 2020” Olimpiya və Paralimpiya Oyunlarına qatılacaq dövlətlərn və ərazi vahidlərinin kimonosunu hazırlayan “Imegine One World-Kimono Project” layihəsinin təmsilçiləri, NHK World telekanalının nümayəndələri, diasporumuzun üzvləri iştirak ediblər.
Məlumat üçün qeyd edək ki, iyulun 24-dən avqustun 9-dək Yaponiyada keçiriləcək Olimpiya və Paraolimpiya Oyunları ilə bağlı hər bir iştirakçı ölkənin milli üslubda kimonosunun hazırlanması layihəsinə 2014-cü ildə start verilib. Azərbaycanın milli ornamentlərinin əks olunduğu kimononun hazırlanması ilə əlaqədar layihənin nümayəndələri dəfələrlə səfirlikdə olub, müvəqqəti işlər vəkili Fərid Talıbov layihənin müəllifi Yoşimasa Takakura və digər üzvlərlə kimononun layihəsi barədə fikir mübadiləsi aparıb. Həmin görüşlərdə verilən tövsiyələr əsasında Azərbaycana həsr olunan kimono hazırlanıb. Kimono üçün kəmər – obi isə Kioto şəhərində fəaliyyət göstərən “Shiko Co.Ltd” şirkəti tərəfindən düzəldilib.
Layihənin əsas məqsədi yapon mədəniyyətinin ənənələrini bütün dünyaya təqdim etmək üçün 213 ölkənin və ərazi vahidinin kimonosunu yaratmaq, “Tokio 2020” Olimpiya və Paralimpiya Oyunlarına qatılacaq ölkələrin Yaponiyada təşviqi, ölkələr arasında dostluq əlaqələrinin gücləndirilməsidir. Bu kimonoların hər birinin hazırlanması üçün 2 milyon yen (təqribən 18200 dollar) məbləğində vəsait tələb olunur. Azərbaycan kimonosunun hazırlanması layihəsinin sponsoru Osaka şəhərində fəaliyyət göstərən "Sakae Unyu Kogyo Co.Ltd" daşımaçılıq şirkətidir.
Tədbirdə çıxış edən F.Talıbov bildirib ki, Azərbaycan kimonosu ölkəmizin müasir inkişafı və mədəni ənənələri nəzərə alınaraq hazırlanıb. Kimonoda Dövlət Bayrağının rəngləri, milli atributlar kimi tanınan nar və buta, Bakının rəmzinə çevrilmiş “Alov qüllələri” öz əksini tapıb.
NHK World telekanalının müxbirinin Azərbaycan kimonosu ilə bağlı suallarını cavablandıran F.Talıbov bildirib ki, layihənin üzvləri artıq bir ilə yaxındır səfirliklə əməkdaşlıq edirlər. Azərbaycanın müasir inkişafını və zəngin mədəniyyətini əks etdirən kimono məhz bu əməkdaşlıq nəticəsində hazırlanıb. Kimononun hazırlanmasında əsas məqsəd ölkəmizin zəngin mədəniyyətinin və müasir gözəlliyinin Yaponiyada daha geniş tanıdılmasıdır.
F.Talıbov kimonoda yer almış təsvirlər haqqında ətraflı məlumat verib və kimono layihəsinin üzvlərinə, xüsusən də layihənin dizayneri Akehiro Morikavaya bu cür gözəl sənət əsərinə görə minnətdarlığını bildirib.
Layihənin dizayneri, tanınmış kimono ustası Akehiro Morikava da öz növbəsində layihənin reallaşmasında, Azərbaycan üçün hazırlanmış kimononun milli cəhətlər nəzərə alınaraq hazırlanmasında göstərilən köməyə görə səfirliyə və Yaponiyadakı Azərbaycan diasporunun nümayəndələrinə minnətdarlığını ifadə edib. Bildirib ki, Azərbaycan kimonosu məhz bu əməkdaşlıq və qarşılıqlı anlaşma nəticəsində çox gözəl alınıb.
Azərbaycana həsr olunmuş kimononun təqdimatı barədə NHK World telekanalında xüsusi verilişin fevralın son günlərində nümayiş etdirilməsi nəzərdə tutulur.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Mədəniyyət 2020-02-20 07:51:00

Video