×
A
A
A
Sazlamalar

ADNSU-nun 100 illiyi çərçivəsində keçiriləcək konfransa hazırlıq məsələləri müzakirə edilib

Bakı, 19 fevral, AZƏRTAC 

Fevralın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) dövlət qurumları və şirkət nümayəndələrinin iştirakı ilə işçi görüş keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 6 fevral tarixli Sərəncamı rəhbər tutularaq, təhsil müəssisəsinin təşkilatçılığı ilə oktyabrın 15-16-da keçiriləcək və yubileyə həsr olunacaq “Kimya mühəndisliyinin aktual problemləri” mövzusunda beynəlxalq elmi-texniki konfransa hazırlıq məsələləri müzakirə edilib.
ADNSU-nun kafedra müdiri, professor Fariz Əmirov konfrans haqqında məlumat verib. Bildirilib ki, konfransın əsas məqsədi yerli və xarici elm, təhsil və sənaye nümayəndələrinin ünsiyyət qurması, təcrübə mübadiləsinin aparılması, yeni əlaqələrin müəyyən edilməsi, həmçinin kimya mühəndisliyinin inkişafının müasir mərhələsində onun perspektivli elmi istiqamətlərinin işıqlandırılmasıdır. Dünyanın 50-ə yaxın ölkəsindən alimlərin iştirak edəcəyi konfransda üç dildə (Azərbaycan, rus və ingilis) plenar, şifahi və stend məruzələrinin dinlənilməsi planlaşdırılır.
Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov, professor Sevinc Məmmədxanova və digər çıxış edənlər də konfransın ADNSU-nun 100 illiyi ərəfəsində keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Elm və təhsil 2020-02-19 19:25:00