×
A
A
A
Sazlamalar

Yeni Azərbaycan Partiyası AMEA ərazi partiya təşkilatının ilk konfransı keçirilib

Bakı, 19 fevral, AZƏRTAC

Fevralın 19-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Yeni Azərbaycan Partiyası (YAP) ərazi partiya təşkilatının ilk konfransı keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan akademik Ramiz Mehdiyev konfransın keçirilməsində məqsədin YAP AMEA ərazi təşkilatının İdarə Heyətinin üzvləri, sədri və müavinlərinin seçilməsindən ibarət olduğunu söyləyib.
Akademik Ramiz Mehdiyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş partiyanın müstəqil dövlətimizin qurulması və möhkəmlənməsində, ölkəmizin sosial-iqtisadi inkişafında əvəzsiz xidmətləri olduğunu bildirib, AMEA-da da ərazi təşkilatlarının yaradılmasının xüsusi əhəmiyyət daşıdığını qeyd edib. AMEA-nın demək olar ki, bütün elmi müəssisələrində YAP ərazi partiya təşkilatlarının fəaliyyət göstərdiyini deyən akademik Ramiz Mehdiyev bunun akademiya kollektivinin, alimlərin ölkə başçısı İlham Əliyevin siyasətini dəstəkləməsinin göstəricisi olduğunu vurğulayıb.
Sonra YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov çıxış edərək konfransın təşkilinə görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd edib ki, ölkəmizdə ən qabaqcıl partiyalardan biri olan YAP 1992-ci ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi və tanınmış ziyalıların iştirakı ilə yaradılıb. Təsis olunduğu vaxt cəmi beş yüz üzvü olan partiyanın sıralarında bu gün səkkiz yüz min nəfər cəmləşib. Bir neçə il əvvəl AMEA əməkdaşlarının cəmi altı faizi YAP-ın üzvü olub. Hazırda akademiya əməkdaşlarının 21 faizi partiyanın üzvüdür. YAP AMEA-nın regionlarda fəaliyyət göstərən qurumlarında da təmsil olunur. Qarşıda duran işlər haqqında məlumat verən Tağı Əhmədov AMEA ilə əlaqələrin daha da genişləndiriləcəyinə, partiya üzvü olan Akademiya əməkdaşlarının sayının daha da artacağına inamını ifadə edib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Tədbirdə çıxış edən AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli AMEA-da YAP ərazi partiya təşkilatlarının yaradılmasına 2013-cü ildən başlandığını bildirib. Qeyd edib ki, həmin vaxt akademiya əməkdaşlarının çox az hissəsi partiya üzvü olub. Son dövrlər AMEA-da bu göstəricinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb, bir sıra elmi müəssisələrdə ərazi təşkilatları yaradılıb. O, akademik Ramiz Mehdiyevin AMEA prezidenti seçildikdən sonra bu işlərin daha da sürətləndiyini və bütün müəssisələrdə ərazi təşkilatlarının fəaliyyət göstərdiyini deyib. Bir ay əvvəl AMEA Rəyasət Heyəti ərazi təşkilatının təsis olunduğunu deyən akademiki İsa Həbibbəyli qısa müddətdə onlarla əməkdaşın partiya üzvü olmaq üçün müraciət etdiyini söyləyib.
Akademik İsa Həbibbəyli AMEA-da YAP ərazi təşkilatının ilk konfransının keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu bildirib. Vurğulayıb ki, bu, akademiya kollektivinin bir araya gəlməsinə, dövlətçilik, azərbaycançılıq naminə daha da səylə çalışmasına böyük töhfə verəcəkdir.
Tədbirdə AMEA-nın elmi müəssisələri üzrə ərazi təşkilatlarının sədrləri çıxış edərək konfransın əhəmiyyətindən danışıblar.
Daha sonra səsvermə yolu ilə YAP AMEA ərazi təşkilatının İdarə Heyətinin 15 nəfərdən ibarət tərkibi seçilib. Namizədlikləri irəli sürülən biologiya üzrə fəlsəfə doktoru Ulduzə Qurbanova səs çoxluğu ilə təşkilatın sədri seçilib. Fizika üzrə fəlsəfə doktoru Famin Salmanov, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev və biologiya üzrə fəlsəfə doktoru Samirə Bağırova isə sədr müavinləri seçiliblər.

Elm və təhsil 2020-02-19 18:33:00