×
A
A
A
Sazlamalar

Gənc rəssamlar təltif edilib

Bakı, 19 fevral, AZƏRTAC

Təhsil Nazirliyinin 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Təsviri sənət qalereyasında 2019-cu il ərzində beynəlxalq uşaq rəsm və incəsənət müsabiqələrində qalib olmuş dərnək üzvlərinin təltifetmə mərasimi və “Qış möcüzəsi” adlı sərgi keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu qurumun və Azərbaycan Rəssamlar İttifaqının əməkdaşları, mərkəzin kollektivi, dərnək üzvləri iştirak ediblər.
Tədbirdə ötən il mərkəzin dərnək üzvlərinin Türkiyədə “Nəsimi ili”nə həsr olunmuş Beynəlxalq Uşaq Rəsm sərgisində, Rusiyada “Dialoq”, Qazaxıstanda “Kazaxstan qlazami detey mira” adlı beynəlxalq rəsm müsabiqələrində, Yaponiyada 20-ci “Kanaqava Biennalesi” beynəlxalq incəsənət sərgisində əldə etdikləri uğurlar haqqında məlumat verilib.
Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdir əvəzi Elnur Əliyev beynəlxalq müsabiqələrin qalibi olmuş dərnək üzvlərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Azərbaycan Rəssamlar İttifaqının üzvü Arif Hüseynov uşaqların bədii zövqlərinin formalaşmasında bu cür müsabiqələrin xüsusi rolu olduğunu qeyd edib.
Təltifetmə mərasimi yekunlaşdıqdan sonra mərkəzin dərnək üzvlərinin “Qış möcüzəsi” adlı rəsm sərgisinə baxış keçirilib.

Elm və təhsil 2020-02-19 18:31:00