×
A
A
A
Sazlamalar

“Aqrar İnkişaf Könüllüləri” “Laza Qış Düşərgəsi” təşkil edib

Bakı, 19 fevral, AZƏRTAC
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatı tərəfindən Qusar rayonunun Laza kəndində “Laza Qış Düşərgəsi” təşkil olunub. Layihənin əsas məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, onların kənd həyatı və kənd turizminə diqqətinin cəlb edilməsidir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, layihə üzrə elan olunmuş müsabiqədə iştirak üçün 900-dən çox gənc müraciət edib. Müraciət edən gənclər arasında müxtəlif meyarlar əsasında seçim aparılıb və 25 gəncin layihədə iştirakı təmin olunub. Gənclər layihə çərçivəsində təşkil olunan təlim, seminar və yürüşdə iştirak ediblər.
Təlim və seminarlarda gənclərə komanda quruculuğu və onun idarə olunması, çevik qərar qəbuletmə, düzgün ünsiyyət bacarıqları, ekstremal idman növü, dağ zirvəsinə yürüş üçün fiziki hazırlıq qaydaları barədə məlumat verilib.
Gənclərə sağlamlıq və təhlükəsizliyin təmin edilməsi ilə bağlı təlimatlar verilib, ilkin tibbi yardım qaydaları izah edilib.
Təlim və seminarlardan sonra layihə iştirakçıları dağa yürüş edib, Laza kəndinin əsrarəngiz təbiəti ilə tanış olublar.

Regionlar 2020-02-19 18:27:00