×
A
A
A
Sazlamalar

“Dədəm Qorqudun sözü” kitabının təqdimatı olub

Bakı, 19 fevral, AZƏRTAC

Fevralın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) mərhum dilçi alim, filologiya fakültəsinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının sabiq müdiri, filologiya üzrə elmlər doktoru, professor Əzizxan Tanrıverdinin “Dədəm Qorqudun sözü” adlı kitabının təqdimatı olub.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə universitetin sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev professor Əzizxan Tanrıverdinin həyat və fəaliyyətindən danışıb.
Sonra kitabın tərtibçisi və redaktoru İlham Abbasov çıxış edərək bildirib ki, yeni nəşr tanınmış alimin “Kitabi-Dədə Qorqud”a həsr olunan on dördüncü monoqrafiyasıdır. Kitabın birinci bölümündə dastanda A,D, Ş, T hərfləri ilə başlanan sözlərin, ikinci bölümündə isə əsərdəki şəxs adlarının izahı verilib. Əzizxan Tanrıverdi “Kitabi-Dədə Qorqud”da şəxs adları, dağ kultu, at kultu, obrazlar sistemi, assonans və alliterasiya kimi məsələləri ilk dəfə olaraq kompleks və sistemli şəkildə araşdırıb.
Tədbirdə çıxış edən filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova, professor Təyyar Salamoğlu, dosent Məhərrəm Hüseynov, filologiya üzrə fəlsəfə doktoru Bəhram Cəfəroğlu Əzizxan Tanrıverdinin yüksək intellekt səviyyəsinə, geniş dünyagörüşünə, zəngin mənəviyyata malik ziyalı olduğunu vurğulayaraq onunla bağlı xatirələrini bölüşüblər.
Sonda Ə.Tanrıverdinin oğlu Rəşad Tanrıverdi çıxış edərək atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə ADPU-nun rəhbərliyinə minnətdarlığını bildirib.

Elm və təhsil 2020-02-19 18:22:00